Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər

05 avqust 2017-ci il
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
Tədbirdə DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak etmişlər.

Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.
Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət himni səsləndirilmişdir.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etmişlər.
Ali Baş Komandan cənab İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləmişdir.

General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, dünyada, eləcə də regionda baş verən hadisələrə baxmayaraq, möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.
Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən general-leytenant Mədət Quliyev, bu məsələdə hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə çatdırmışdır.
Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçmişlər. Xatirə şəkli çəkdirilmişdir. 
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşmüşdür.