Azərbaycanın təhlükəsizliyinin və milli maraqların qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür 

12 sentyabr 2017-ci il
 
Ölkəmizin işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu keçirilib.
Belə tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçilik, xalqımızın maraqlarının etibarlı gələcəyinin təminatçısı kimi yetişməsi, tərbiyə olunması, intellektual potensialının yüksəldilməsi işinə göstərilən diqqət və qayğısının parlaq təzahürüdür. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, bilavasitə iştirakı ilə respublikamızda və onun hüdudlarından kənarda gənclər və idman sahəsində həyata keçirilən tədbirlər, gənc nəslin bu işlərdə geniş şəkildə və coşqu ilə təmsil olunmalarına şərait yaradılması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və təqdir olunur. Azərbaycanın əzəli və ayrılmaz torpağı olan Qarabağda, Ağdamda gənclərin forumunun keçirilməsi dövlət başçısının yürütdüyü uğurlu gənclər siyasətinin daha bir bariz nümunəsidir.
Forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır.

Forumda adıçəkilən qurumların, eləcə də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun nümayəndələri, Milli Məclisin deputatları, respublikanın qeyri–hökumət gənclər təşkilatları, Azərbaycanın işğal olunmuş Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli və cəbhəyanı Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gədəbəy şəhər və rayonlarının fəal gəncləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə keçən forum ulu öndər Heydər Əliyevin, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə bildirilib ki, forum Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin etibarlı qorunması və gücləndirilməsi işində gənclərin fəallaşdırılması, eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanının müdrik rəhbərliyi və qətiyyəti sayəsində mənfur düşməndən azad edilmiş ərazilərimizə Böyük Qayıdış konsepsiyasının həyata keçirilməsində yaxından iştirak məqsədilə təşkil olunub.


Forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, respublikanın sosial-iqtisadi inkişafı, həmçinin hərbi qüdrətinin yüksəldilməsi və işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən uğurlu siyasət, əldə edilmiş nailiyyətlərin qorunması üçün hər bir azərbaycansevərin üzərinə düşən vəzifələr və vətəndaşlıq borcu ilə bağlı çıxışlar dinlənilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev çıxışında bildirib ki, xalqımızın birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərməsinə, çoxsaylı şəhidlər verməsinə baxmayaraq, münaqişənin ilk mərhələsində bəzi daxili və xarici amillərin, o cümlədən hakimiyyətə gəlmiş təsadüfi adamların və lidersizlik ucbatından Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Məhz ulu öndər Heydər Əliyevin həmin ağır illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və onun müdrik rəhbərliyi ilə qısa müddət ərzində görülmüş işlər hər kəsdə Vətən torpaqlarının azad ediləcəyinə böyük inam yaratdı. İşğal altındakı torpaqların azad olunması, ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətinin qarşısında duran ən başlıca vəzifədir. Ümummilli Liderin əsasını qoyduğu ordu quruculuğu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində bu gün Azərbaycan ordusu dünyanın qabaqcıl orduları sırasındadır. Son illərdə Azərbaycan Silahlı Qüvvələri müasir döyüş vasitələri ilə təchiz edilib, ölkəmizdə yeni hərb sənayesi yaradılıb. Düşünülmüş strategiya sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş nüfuzunu qazanıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əslində dövlət terroru siyasəti adlandıran İ.Musayev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətdən çıxıb. 1988–1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş 373 terror aktı nəticəsində 2 minədək dinc insan həlak olub. Bu terror aktlarının çox hissəsi döyüş bölgəsindən xeyli uzaqda, bir hissəsi isə atəşkəsdən sonra törədilib.
İlqar Musayev cəbhə bölgəsində yaşayan vətəndaşların informasiya təhlükəsizliyinə və dövlət sirrinə diqqətlə yanaşmalarının vacibliyini vurğulayaraq bildirib ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi diqqət yetirir. Bu səbəbdən həmin ərazilərin sakinlərinə internet şəbəkələrindən, mobil texnologiyadan diqqətlə və ehtiyatla istifadə etmək tövsiyə olunur.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev vətənpərvərlik hissinin yaradılması və inkişaf etdirilməsini, gənclərin bu ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilmiş və bu formatda keçirilən forumun əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin və milli maraqların qorunmasında gənclərin iştirakının fəallaşdırılması, onların vətənpərvərlik ruhunun daha da yüksəldilməsidir.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev respublikamızda gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsindən danışıb. Bildirib ki, gənclərlə bağlı həyata keçirilən siyasətin əsasında Ümummilli Liderin ideyaları dayanır. Aparılan uğurlu gənclər siyasəti sayəsində Azərbaycanda Vətənini, dövlətini sevən, ona daim sadiq olan, vətənpərvərliyi, biliyi, dünyagörüşü ilə seçilən gənclik yetişib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov çıxışında bildirib ki, Dövlət Komissiyasında 2017-ci il 1 sentyabr tarixinə olan məlumata əsasən 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126-sı hərbçi, 742-si mülki şəxsdir. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın, 302 qoca var. İtkin düşmüş 3868 nəfərdən 872-sinin intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi və saxlanması barədə məlumatlar əldə edilib. Onların 591-i hərbçi, 281-si mülki şəxsdir.
Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normaların pozulduğunu, bu ölkənin hərbçilərinin və terrorçu quldur dəstələrinin insanlıq və bəşəriyyətə qarşı təkzibedilməz cinayətlər törətdiklərini qeyd edən İ.Axundov deyib: “Bu faktları Azərbaycan vətəndaşı olaraq hər birimiz öyrənməli və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində intellektual gənclik geniş imkanlara malikdir”.
Milli Məclisin deputatı Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Müdafiə Nazirliyinin zabiti Babək Səmidli, həmçinin Ağdam, Xocalı, Şuşa, Tərtər və Qazax rayonlarından olan gənclər çıxış edərək, forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin təşkilinə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. İşğal olunmuş və cəbhəyanı rayonların gənclərini təmsil edən forum iştirakçıları respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə forum iştirakçıları adından müraciət qəbul edilib.

Tədbir iştirakçıları Ağdam rayonunun girişindəki Bayraq Muzeyi və vaxtilə Ağdam şəhərində ucaldılan, rayonun memarlıq nümunələrindən hesab olunan, 1993-cü ildə isə ermənilər tərəfindən yandırılaraq məhv edilən çay evinin Quzanlı qəsəbəsində tikilən bənzərini ziyarət ediblər. Forum Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, “Qaya” estrada qrupunun və respublikanın digər tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə dövlətçiliyi, azərbaycançılığı və qəhrəmanlığı tərənnüm edən konsert proqramı ilə yekunlaşıb.

AZƏRTAC