9 noyabr - Dövlət Bayrağı gününə və gənc əsgərlərin andiçməsinə həsr olunmuş mərasim keçirilmişdir

09 noyabr 2017-ci il
 
Dövlət Təhlükəsizliyi Xidmətinin “N” hərbi hissəsində 9 noyabr - Dövlət Bayrağı gününə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə iştirak etmişdir.

Təntənəli mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak etmişlər.
Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.
Sonra hərbi hissənin ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə həsr edilmiş “Əbədi məşəl” kompleksinin açılışı olmuşdur.
Dövlət himni səsləndirilmiş və Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir.
Daha sonra gənc əsgərlər təntənəli surətdə Azərbaycan Respublikasına, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü layiqincə qoruyacaqlarına, əsgəri borca vicdanla əməl edəcəklərinə and içmişlər. 
Ali Baş Komandan cənab İlham Əliyevin adından 9 noyabr – Dövlət Bayrağı günü və andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini, veteranları, valideynləri və qonaqları təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulamışdır.

General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, təhlükəsizlik təmin olunur.
Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradıldığını qeyd edən general-leytenant Mədət Quliyev diqqətə çatdırmışdır ki, hərbi andı qəbul edən hər bir əsgər Azərbaycan Respublikasının keşiyində mətin dayanmalı, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, nümunəvi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, hərbi peşənin sirlərini dərindən öyrənməli, fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırmışdır.
Sonra gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçmişlər. Xatirə şəkli çəkdirilmişdir. 
Mərasim başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşmüşdür.