Beynəlxalq əməkdaşlıq

Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əməkdaşlıq fəaliyyəti xarici ölkələrin xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları ilə informasiya və təcrübə mübadiləsi, ekspert görüşləri, beynəlxalq tədbirlərdə iştirak, saziş, müqavilə və protokolların imzalanmasının həyata keçirilməsi formatında aparılır. Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Respublikasının milli qanunvericiliyini əsas tutur.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünyanın 50-dən çox ölkəsinin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə iki və çoxtərəfli formatda əməkdaşlıq münasibətlərinə malikdir. Çoxtərəfli əməkdaşlıq mexanizmləri ilk növbədə ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr sistemini nəzərdə tutur.
Dövlət Təhlükəsizliyi Xidmətinin Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransı, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası, MDB-yə üzv dövlətlərin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərlərinin Müşavirəsi və sair beynəlxalq təşkilatlar çərçivəsində faydalı çoxtərəfli əməkdaşlıq münasibətləri mövcuddur.