Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev

adına Akademiyası

Ümumi məlumat

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası – ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsussi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.
Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu öndərimiz hələ 1997-ci il martın 28-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların rolundan, qarşısına qoyulan tələblərdən və onları səciyyələndirən amillərdən danışaraq yüksək ixtisaslı, peşəkar milli kadrların hazırlanması məqsədilə xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.
Ötən dövr Akademiya üçün yaddaşlardan silinməyəcək bır sıra tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq Akademiyaya Ümummilli Lider Heydər Əliyevin adı verilmişdir.
2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.
2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir.
Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir.
Ümummilli Lider Heydər Əliyevin nəsillərə örnək olan həyat və fəaliyyətini əks etdirən, zəngin informasiya məzmununa və tərtibata malik olan, yüksək memarlıq və bədii-estetik səviyyədə qurulmuş "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır.
"Şöhrət" muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir. "Şöhrət" muzeyində dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü. Muzeydə Heydər Əliyevin yüksək zövqlə yaradılmış "Ali Baş Komandan" büstü ziyarətçilərdə gözəl təəssurat yaradır.
Akademiyanın respublikanın, habelə bir sıra xarici ölkələrin xüsusi xidmət orqanlarının ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla işgüzar əlaqələrə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur.