Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin yerləşdiyi bina bu qurumun balansına verilmişdir. Əsaslı təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 mart 2009-cu il tarixdə keçirilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Vaxtilə binanın ərazisində tanınmış polyak memarı Yozef Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş və 1931-ci ildə bolşeviklərin göstərişinə əsasən dağıdılana qədər fəaliyyət göstərmiş kastyol mövcud olmuşdur.


Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar «Dzerjinski klubu» kimi tanınan binanın inşası aparılsa da, II Dünya Müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır.
1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlama işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu qəbildən olan tədbirlərə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmiş qurultaylar, Dövlət Təhlükəsizlik Komitəsi, daxili işlər orqanları, sərhəd qoşunlarının yubiley mərasimləri aid edilə bilər.


Sonrakı dövrdə bu bina - 2008-ci ildə bu qurumun balansına qaytarılana qədər Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində Şəhriyar adına Mədəniyyət Sarayı olaraq fəaliyyət göstərmişdir. Bu qurumun balansına qaytarılması ilə DTX-nin Mədəniyyət Mərkəzi adlanan binada həmin ərəfədən müasir standartlara cavab verən əsaslı təmir-tikinti işləri aparılmasına başlanıldı. Təmirdən sonra tamamilə yeni görkəm alan tikilinin özənəməxsus memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilmişdir.
Yüksək keyfiyyətli səs və işıq avadanlığı ilə təchiz edilən Mədəniyyət Mərkəzində 352 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran yerləşir. Binaya daxil olan qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin foyedəki büstü, Azərbaycan Respublikasının Milli Arxivi və Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən götürülmüş, əksəriyyəti ilk dəfə nümayiş etdirilən fotoşəkillərdən ibarət ekspozisiyası ilə tanış ola bilərlər.

Mərkəzdə həmçinin fəxri qonaqlar üçün nəzərdə tutulan «VİP» otaqlar  və lojalar mövcuddur.  Böyük konsert zalının səhnəsində quraşdırılan pilləkənin xüsusi mexaniki qurğu vasitəsilə üç vəziyyətdə açılıb-yığılması binanın əsas özəlliklərindən biridir. Bundan başqa mərkəzin həm böyük, həm də kiçik zallarının səhnələrində quraşdırılmış monitor-pərdələr vasitəsilə istənilən video-materialı izləmək mümkündür.
DTX Mədəniyyət Mərkəzinin fəaliyyəti bu qurumun dövlət əhəmiyyətli tədbirlərinin keçirilməsinə yönəldilib. Bununla yanaşı, mərkəzin milli və dünya rəqslərini tədris edən rəqs, həmçinin rəsm dərnəklərində müxtəlif yaş qrupuna daxil olan şəxslər bu sənətlərin incəliklərinə yiyələnmək imkanına malikdirlər. Uzun illər yüzlərlə şagirdin təhsil aldığı musiqi məktəbi də təmirdən sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyətini davam etdirir. Mərkəzdəki foto-video studiya burada keçirilən tədbirlərin və konsert proqramlarının lentə alınmasına xidmət edir.

DTX-nin Mədəniyyət Mərkəzinin müasir standartlara cavab verən yeni görünüşü, hər cür maddi-texniki avadanlıqla təmin edilən konsert zalları və peşəkar işçi qüvvəsi həm bura gələn qonaqların rahat şəraitdə mədəni istirahət etməsinə,  həm də  tədbir və konfransların yüksək səviyyədə keçirilməsinə tam təminat verir. Fəaliyyətə başladığı müddət ərzində mərkəzin həm böyük, həm də kiçik konsert zallarında müxtəlif xarakterli tədbirlər təşkil edilmişdir.
Mərkəzin açılışını əlamətdar edən ilk mərasim 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları,  çoxsaylı xarici qonaqlar, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə  keçirilən təhlükəsizlik orqanlarımızın yaradılmasının 90 illik yubileyi münasibətilə təntənəli tədbir oldu.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla 28 mart Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olunub. 1919-cu ildə məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Sonrakı 70 ildən artıq bir müddətdə Azərbaycan təhlükəsizlik orqanları sovet sistemində fəaliyyət göstərib, peşəkar bir qurum kimi formalaşıb.  Ümummilli Lider Heydər Əliyev istər bu orqanda işlədiyi, istərsə də siyasi hakimiyyətdə olduğu illərdə dövlətin mühüm təsisatlarından olan xüsusi xidmət orqanlarına qayğı ilə yanaşıb və daim onun inkişafını  izləyib.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanları öz inkişafında yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizlik qorunub saxlanır. Dövlət Təhlükəsizliyi Xidməti ən müasir texniki avadanlıq və vasitələrlə təmin olunub, son illər maddi-texniki baza və şəxsi heyətin sosial müdafiəsi xeyli möhkəmlənib. Dövlət təhlükəsizliyi orqanlarının inkişafına dair dövlət proqramının qəbul olunması da bu qurumda bütün sahələrdə tərəqqiyə ciddi təkan verib.

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3.

Telefonlar: (+99412) 405 91 13/405 91 31