Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

MƏDƏT QƏZƏNFƏR OĞLU QULİYEV

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir.
Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparmışdır. 1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə Mədət Quliyevə polis general-mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun qorunmasında, cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə Vətən, dövlət qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2011-ci il tarixli 1317 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli Sərəncamı ilə Mədət Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2015-ci il tarixli 1458 nömrəli Sərəncamı ilə ədliyyə general-leytenantı Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamı ilə general-leytenant Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir.
Ailəlidir. İki övladı var.