“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

03 mart 2017-ci il

Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Prezident yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, DTX-nin Mədəniyyət Mərkəzində keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin, Milli Məclisin, DTX-nin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Prezident yanında Gənclər Fondunun rəhbər nümayəndələri, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin təmsilçiləri, politoloqlar və ekspertlər, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələri və kursantları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə DQİDK-nın radikalizmə qarşı müvafiq təbliğat vasitələri də nümayiş etdirilib. Sərgi salonunda, həmçinin Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.
Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirin moderatoru, Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov bildirib ki, konfransın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, xüsusilə terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. Həmçinin dövlət təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunması, eləcə də ölkə gənclərinin aparıcı nümayəndələri, müxtəlif dövlət və ictimai təşkilatların təmsilçiləri ilə terrorçuluq, ekstremizm və radikalizmə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılması istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri sırasındadır. O, Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında onların fəallıqlarının artırılması işini daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev dünyanı təhdid edən terrorizm, ekstremizm və radikalizmlə mübarizənin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, hazırda bölgədə, xüsusilə Yaxın Şərq ölkələrində, o cümlədən qardaş Türkiyədə cərəyan edən terrorçuluq, dini radikalizm, ekstremizm, separatçılıq və digər təhdidlər Azərbaycan üçün də ciddi təhlükə təşkil edir.

Prezident İlham Əliyevin “Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır” sözlərini xatırladan Mədət Quliyev bildirib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz il bundan əvvəl üzləşib. Erməni terrorçuları ötən əsrin 20-ci illərindən xalqımıza qarşı müxtəlif cinayətlər törədiblər. 1980-ci illərin sonlarından erməni terrorunun geniş vüsət aldığını diqqətə çatdıran DTX rəisi qeyd edib ki, Azərbaycan müstəqilliyinin əvvəllərində beynəlxalq terrorizm, ekstremizm, separatçılıq və s. təhlükələrlə daha çox üzləşib.
Xidmət rəisi deyib ki, 1988-1994-cü illərdə Ermənistan tərəfindən törədilən 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub. Ermənilər çirkin niyyətlərinin həyata keçirilməsində məxfi əməkdaşlığa cəlb edilən şəxslərdən və hərbi əsirlərdən, eləcə də ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrindən istifadə ediblər.
Bildirilib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biridir. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir.
Mədət Quliyev təəssüf hissi ilə vurğulayıb ki, əksəriyyəti gənclər olan 900-dək Azərbaycan vətəndaşı Suriyada və İraqda fəaliyyət göstərən terrorçu təşkilatların sıralarına qoşulub. Onların çoxu döyüşlərdə öldürülüb. Son iki il ərzində 84 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 54 nəfər Azərbaycan Respublikası vətəndaşlığından xaric edilib.
Qeyd olunub ki, terrorçuluğa və hər cür qanunsuz fəaliyyətə qarşı mübarizə aparan Azərbaycanın bu mövqeyi ölkəmizin dünyada sülhün bərqərar edilməsinə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə tərəfdar olduğunu, beynəlxalq hüququn prinsiplərini rəhbər tutduğunu göstərir. Azərbaycan radikalizmə və terrorizmə qarşı mübarizədə ikitərəfli və çoxtərəfli proqramlarda fəal iştirak edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və xarici həmkarlarımız arasında etibarlı tərəfdaş nüfuzu qazanıb.
General-leytenant Mədət Quliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev vətənpərvərlik hissinin yaradılması və inkişaf etdirilməsi, gənclərin vətənpərvər ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Dahi şəxsiyyət dəfələrlə vurğulayırdı ki, xalqımızda, yetişən gənc nəsil arasında vətənpərvərlik, torpağa, millətə sədaqət, Vətəni sevmək və onun yolunda şəhidliyə hazır olmaq hisslərini tərbiyə etmək, formalaşdırmaq və inkişaf etdirmək ümumi vəzifədir. Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilmiş bu konfransın da əsas məqsədi gənclərin müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqın maraqlarının qorunmasında və cəmiyyətə yad təsirlərin qarşısının alınmasında iştiraklarını daha da fəallaşdırmaqdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev “Terror, ekstremizm və radikalizm ilə mübarizədə KİV-in rolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edərək konfransın olduqca aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. O, mürəkkəb proseslərin cərəyan etdiyi, yeni hərbi qarşıdurmaların baş verdiyi regionda yerləşməsinə və münaqişə vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf nümunəsinin beynəlxalq səviyyədə örnək kimi qəbul olunduğunu bildirib. Qeyd edib ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasətin həyata keçirilməsi və bu kursun xalq tərəfindən dəstəklənməsidir.
Diqqətə çatdırılıb ki, ölkəmizin müstəqilliyinin ilk illərində siyasi qüvvələr gənclərdən öz maraqları naminə istifadə edirdilər. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin konseptual əsası formalaşdırıldı, gənclər ölkəmizin inkişafında fəal iştiraka cəlb olundular. Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Azərbaycan gəncliyi deyəndə biz Vətənimizi qoruyan cəsur əsgərlərimizi, beynəlxalq yarışlarda bayrağımızı ucaldan, eləcə də siyasi arenalarda fəal vətəndaşlıq mövqeyi ilə çıxış edən gəncləri görürük.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, söz və məlumat azadlığının təmin olunduğu Azərbaycanda KİV cəmiyyətin inkişafında fəal rol oynayır. Milli maraqların təəssübkeşi olan medianın formalaşdırılması Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Sosial şəbəkələrdə onlayn medianın sürətli inkişafı şəraitində medianın başlıca vəzifəsi dövlətin maraqlarını əsas tutmaq, cəmiyyəti dövlətin və Vətənin maraqları naminə səfərbər etmək, ictimaiyyətdə, xüsusilə gənclərdə əsl vətəndaşlıq mövqeyi formalaşdırmaq, vətənpərvərlik ruhunu təbliğ etməkdir. Jurnalistikanın mühüm sahə olduğunu nəzərə alaraq, gənc jurnalistlər peşəkar jurnalistlərin təcrübəsindən bəhrələnməli, ölkədə və dünyada baş verən prosesləri yaxından izləməli, erməni terrorizminin ağır nəticələrini dəqiq bilməlidir. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin təhlükəsizliyinin təmin olunmasında və inkişafında fəal iştirak etməlidirlər. Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil - terrora, ekstremizmə və radikalizmə qarşı mübarizədə ən effektiv vasitə kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ekstremizm və terrorizm bu gün baş verdiyi ölkənin vətəndaşları ilə yanaşı, dünyanın hər yerində bütün insanları narahat edir. XX əsrin əvvəllərində terrorizmin, radikalizmin və ekstremizmin bir sıra ölkələrdə ciddi təhdid yaratdığını vurğulayan nazir müavini bunun Azərbaycan üçün də ciddi təhlükə təşkil etdiyini bildirib.
Vurğulanıb ki, yüksək təhsilli gənclər nəinki radikal terrorizmin qarşısını almağa, eləcə də onları açıq-aşkar ifşa etməyə qadirdirlər. Təhsilin inkişafı sosial problemlərin həllində, ölkənin inkişafında mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində münaqişələrin baş verməsi həmin cəmiyyətlərdə təhsilin səviyyəsinin aşağı olması ilə əlaqədardır.

Qeyd olunub ki, Azərbaycanda dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş üçün bərabər təhsil imkanları yaradılır. Bu sahəyə xüsusi diqqət yetirən Azərbaycan dövlətinin qayğısı sayəsində son on ildə üç mindən artıq məktəb tikilib. Xaricdə təhsil proqramları sayəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil alıb. Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan ekstremizmi dövlət siyasəti elan etdiyi, Avropada və dünyanın bir sıra ölkələrində miqrant böhranı yaşandığı halda, Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Multikulturalizm ölkəmizin təhsil proqramlarına salınaraq məktəblərdə, ali təhsil müəssisələrində tədris olunur.
F.Qurbanov ekstremizmin və terrorizmin gənclər arasında yayılmasının qarşısını alınmasının elmi-metodiki təminatı üzrə ekspert birliklərinin yaradılmasını təklif edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Dövlətin gənclər siyasəti. Terror, ekstremizm və radikalizm ilə mübarizə kontekstində” mövzusunda məruzəsində dünyada müxtəlif - milli, dini zəmində, dövlətlərin konstitusion quruluşlarına qarşı, eləcə də dövlət səviyyəsində həyata keçirilən formalarda təzahür edən terrorçuluğun son illərdə bəşəriyyəti təhdid edən ciddi təhlükəyə çevrildiyini bildirib. Terrorçuluğun, ekstremizmin və radikalizmin Azərbaycan dövləti üçün də ciddi təhdid olduğunu qeyd edən İ.Babayev ölkəmizin müvafiq qurumlarının bu sahəni diqqət mərkəzində saxladığını söyləyib.
Nazir müavini sürətlə inkişaf edən Azərbaycanda gənclərin terrorçuluq, ekstremizm, radikalizm fəaliyyətlərinə cəlb olunmasının qarşısının alınmasında dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin rolunu xüsusi vurğulayıb. Bildirib ki, gənclər sahəsini daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin əksər bölgələrində Gənclər evləri, mərkəzləri istifadəyə verilir, gənclərimiz beynəlxalq yarışlarda parlaq qələbələr qazanır, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov “Dövlətçiliyin qorunmasında gənclərin fəallaşdırılması üçün qanunvericilik təşəbbüsləri” mövzusunda məruzəsində bildirib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Onların qlobal rəqabətə davamlılığı milli təhlükəsizliyin vacib şərtlərindən biridir. Azərbaycan dövlətinin terrorçuluq, ekstremizm və radikalizm ilə mübarizə sahəsində sistemli iş apardığını vurğulayan F.Muradov bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətlərinə strateji baxışı sayəsində dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, dini abidələrin bərpası, yenidən qurulması istiqamətində konkret addımlar atılıb. Hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri var.
Qeyd olunub ki, ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazası mövcuddur. Qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunması istiqamətində işlər davam etdirilir. Xarici donor təşkilatları tərəfindən qrant vermə, dini icmaların qeydiyyatı kimi milli təhlükəsizlik üçün əhəmiyyətli sahələrin tənzimlənməsi istiqamətində mühüm qərarlar qəbul edilib və ya təkmilləşdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və yayılması metodologiyası” mövzusunda məruzəsində vurğulayıb ki, belə təşkilatlar geniş təbliğat işləri apararaq xüsusilə gəncləri öz sıralarına cəlb edir, onlardan öz niyyətlərinin həyata keçirilməsində istifadə edirlər. Radikalizm və ekstremizm sırf dini, dini-etnik və dini-siyasi formalarda təzahür edir. Azərbaycanda dinin siyasiləşdirilməsinə cəhd göstərmiş “Müsəlman hərəkatı birliyi” adlanan qruplaşmanın fəaliyyətində cəmiyyətin indentifikasiyasının azərbaycançılıqdan ümmətçiliyə dəyişdirilməsi kimi dövlət və milli maraqlara zidd hərəkətlər müşahidə edilib.
Bildirilib ki, dini ekstremist cərəyanlar yeni üzvləri cəlb etmək üçün müxtəlif təsir mexanizmlərindən, o cümlədən sosial çətinliklərdən və psixoloji amillərdən istifadə edirlər. Azərbaycanda radikalizmin yayılması səbəblərindən biri də xaricdə dini təhsildir. Buna görə də gənclərin xaricdə təhsil almalarına, qeyri-qanuni dini ədəbiyyatın, o cümlədən xarici müəlliflərin kitablarından istifadəyə ciddi nəzarət olunmalıdır. Bu gün əhalinin dini maarifləndirilməsi istiqamətində dövlət səviyyəsində geniş maarifləndirmə işi aparılır.
“Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədri Şamil Suleymanov çıxışında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dinamik inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində Azərbaycanın dünyada söz sahibinə çevrildiyini bildirib. Qeyd edib ki, ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycan xüsusən Ermənistan tərəfindən çoxlu sayda terror aktlarına məruz qalıb. Ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələrin dəstəyi ilə bir sıra dövlət xadimlərinə sui-qəsdlər törədilib, dövlətə və cəmiyyətə ciddi ziyan vurulub. Lakin xalqımız həmin dövrdə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək müstəqilliyini qorudu. Azərbaycan xalqı hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasəti fəal dəstəkləyir.
Ş.Süleymanov terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə Azərbaycanın xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətini diqqətə çatdırıb. Qeyd edib ki, bu uğurun əsasında uzun illər xüsusi xidmət orqanlarında çalışan, bu quruma rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl institutun Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha yüksək səviyyəyə çatdırılması dayanır.
“Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin təmin olunmasında gənclərin üzərinə düşən vəzifələr” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf Azərbaycanın terrorçuluqdan əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Ermənistanın işğalı nəticəsində düşmən tərəfindən tarixi, mədəni, ekoloji ekstremizm təsirlərinə məruz qalıb.
Dünyada və Avropada radikalizmin İslamla əlaqələndirilməsi cəhdlərinin məyusluq doğurduğunu bildirən N.Xələf belə tendensiyalarla mübarizədə İslamın fundamental dəyərlərinin geniş təbliğ edilməsinin önəmini vurğulayıb. O deyib ki, terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafında və onun radikal, ekstremist təsirlərdən qorunmasında fəal iştirak etməlidirlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Dinlərin terrora, ekstremizmə və radikalizmə qarşı mübarizədə rolu” məruzəsində bildirib ki, hər bir cəmiyyətdə dinin özünəməxsus mühüm yeri var. Din sivil cəmiyyət formalaşdırmaq baxımından strateji rol oynayır. İslam dinində əxlaqi prinsiplər mühüm yer tutur, radikalizm və ekstremizm nifrətlə qarşılanır.
Din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının cəmiyyətdə mənəvi sabitliyin göstəricisi olduğunu vurğulayan F.Nurullayev qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir.
DTX-nin şöbə rəisi Suad Mahmudov “Müasir dövrdə ekstremizm və radikalizm. Bu təhlükələrə qarşı mübarizənin əsasları” mövzusunda məruzəsində diqqətə çatdırıb ki, müasir dövrdə dini, etnik və siyasi ekstremizmin, terrorçuluğun hədəfləri dəyişib. Belə ki, ekstremist və terror təşkilatları mahiyyətcə daha geniş miqyaslı məqsədlərə - hakimiyyətin ələ keçirilməsi, suveren dövlətlərin ərazisinin qəsb olunması, yerli əhalinin oradan qovulmasına can atırlar. Ermənilərin xalqımıza qarşı törətdikləri terror siyasəti konkret siyasi məqsədə - Azərbaycan ərazisinin işğalına yönəlib.
Azərbaycanda dini ayrı-seçkilik zəminində fəaliyyət göstərən təşkilatlara qarşı aparılan uğurlu mübarizədən danışan S.Mahmudov bildirib ki, belə qrupların iş forma və metodlarında informasiya təminatı xüsusi yer tutur. Bu baxımdan radikal dini cərəyanlara aid ədəbiyyat, videomateriallar, terrorçu və ekstremist təşkilatların çıxışlarının əks olunduğu videomateriallar xüsusi qeyd edilib. Belə təşkilatlar Azərbaycanda tərəfdarlar toplamaq, ölkəmizdə terror hücumları törətmək üçün fəaliyyətlərini davam etdirirlər. Belə qüvvələrlə mübarizədə ciddi profilaktik tədbirlərin görülməsi, terrorçuluq və dini radikalizmlə bağlı əhali arasında maarifləndirmə işinin aparılması böyük əhəmiyyət daşıyır.

Məruzələrdən sonra konfrans iştirakçılarının, o cümlədən tələbələrin sualları cavablandırılıb.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.