Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

09 mart 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Məscidində ötən il dekabrın 29-da  Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə həlak olmuş Azərbaycan əsgəri Çinqiz Qurbanovun anım mərasimi keçirilmişdir.

Qeyd olunmalıdır ki, qeyri-bərabər döyüşdə igidlik göstərərək həlak olmuş şəhidimizə münasibətdə əvvəllər olduğu kimi bu dəfə də erməni tərəfi öz mənfur sifətini göstərmiş, uzun müddət Çingiz Qurbanovun nəşi geri qaytarılmayaraq qeyri-insani rəftara məruz qalmışdır.
Yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyləri nəticəsində 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşi Vətənə qaytarılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakıda Çingiz Qurbanov ilə təntənəli vida mərasimi keçirilmişdir. Dövlət başçısı Milli Qəhrəmanın ailə üzvləri ilə görüşmüşdur. Ölkə rəhbərinin tapşırığına əsasən, şəhidimizin ailəsinə dövlət tərəfindən hərtərəfli dəstək və qayğı göstərilir.

Mərasimdə Milli Qəhrəmanın atası, anası, qardaşı və yaxınları, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları, Müdafiə, Fövqəladə nazirliklərinin, DSX-nin hərbi qulluqçuları, dövlət qurumlarının və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şəhidin atası Salman Qurbanov Milli Qəhrəmanın xatirəsinin yad edilməsi ilə əlaqədar keçirilmiş mərasimin təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.