Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır

10 aprel 2017-ci il

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Bu gün biz birinci rübün yekunlarını müzakirə edəcək, növbəti aylarda görüləcək işlər haqqında danışacağıq. 
Birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.

Əfsuslar olsun ki, dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək.
İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur. Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır.
Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq. Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır.
Mənim rəsmi səfərlərim də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim olubdur. Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var. Biz son 5 il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın zirvə görüşündə də bizim sədrliyimiz dövründə gördüyümüz işlərə yüksək qiymət verilmişdir.
Qətər Dövlətinə mənim uğurlu səfərim olubdur. Biz Körfəz ölkələri ilə çox yaxın əlaqələr qurmuşuq. Qətər bizim üçün çox yaxın, dost ölkədir. Qətərin Əmiri Azərbaycana səfər etmişdir, mən də cavab səfərim çərçivəsində çox uğurlu danışıqlar aparmışam, siyasi və iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq çox geniş müzakirə edilmişdir.
İran İslam Respublikasına uğurlu səfərim də artıq ənənəvi xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi səfər etmişəm. İran Prezidenti də Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər edir. Mən son 3 il ərzində İran Prezidenti ilə 8 dəfə görüşmüşəm. İran bizim üçün dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, - İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, - eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır.
Yeddinci səfərim Fransaya rəsmi səfərim olmuşdur. Bu səfərin də çox böyük mənası var. Fransa dünyanın aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir. Bu səfər də çox uğurlu keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha təsdiqləndi. Mənə Fransada çox böyük hörmət göstərildi. Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin artıq çox möhkəm dayaqları var. Bu ölkədə Azərbaycana çox böyük maraq var, orada Fransanın aparıcı biznes qurumları ilə keçirdiyim görüş, - bu görüş təqribən iki saata yaxın çəkdi, - göstərdi ki, doğrudan da, həm çox böyük maraq var, həm də bizim gördüyümüz işlərə çox yüksək qiymət verilir və Fransa şirkətləri Azərbaycanda böyük həvəslə fəaliyyət göstərirlər.
Bax, sadaladığım ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir.
Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir.
Birinci rübdə Azərbaycanda V Qlobal Forum keçirilmişdir. Bu da artıq dünya miqyasında önəmli beynəlxalq tədbirlərin sırasına daxil edilib. Bu Forumda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak etmişlər.
Bir hadisəni də qeyd etmək istəyirəm. Bu da çox əlamətdar hadisədir. Əslində, bu hadisə bizim dünyadakı rolumuzu əks etdirir. Bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Əlbəttə ki, birinci rübdə beynəlxalq fəaliyyətimizdə bir çox digər önəmli hadisələr də baş vermişdir. Ancaq əsas məsələlər bundan ibarətdir.
Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişəki kimi, diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.
Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.
Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik.
Birinci rübdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni qeyd etmək istəyirəm. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd etmək istəyirəm. Bu “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular.
Digər hadisə də əlamətdardır. Çünki ilk dəfə olaraq, bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildi və Azərbaycana gətirildi. Bu, ilk dəfə baş verən hadisədir. Bu, ədalətin bərpasıdır. Bu, beynəlxalq hüququn aliliyidir. Ekstradisiya ilə bağlı olan bütün məsələlər beynəlxalq qanun və konvensiyalar əsasında baş verib. Əminəm ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən şəxsə də, onun kimilərinə də dərs olub və dərs olacaq.
Bir önəmli hadisə də baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq. Hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Onu da qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini tapacaq. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir.
Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Biz bu potensialı yaratmışıq. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.
İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.
Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir. Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi. Biz tezliklə ciddi islahatları dəyərləndirdik, çox operativ tədbirlər gördük. İqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımlar atıldı. Biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq.
Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür. Çünki biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu. Bu barədə artıq çox danışmışıq, təkrar etmək istəmirəm. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
Bax, bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik.
Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür.
Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı da önəmli hadisə baş verib. Cənub Qaz Dəhlizinin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib. Bu layihədə iştirak edən bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular. Məşvərət Şurasının yekunu olaraq qətnamə qəbul edildi. Bu qətnamədə yenə də ölkəmizin liderlik rolu qeyd edilir. Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək Cənub Qaz Dəhlizinin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik.
Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var. Xüsusilə qeyd etməliyəm ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib.
Bir rəqəmi də diqqətə çatdırmaq istəyirəm. Bu da turizmlə bağlıdır. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir.
Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi.
Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakı necə idi? Bu, artıq yaddan çıxır. Qaranlıq küçələr, bulvar nə gündə idi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar - bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi. Bakı Bulvarının uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin.
Biz gələn ay İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bütün hazırlıq işləri yekunlaşır. Bu da böyük bir idman bayramı olacaq. Mən artıq təntənəli mərasimdə qeyd etdim ki, bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik.

X X X


Dövlətimizin başçısı iclasda yekun nitq söylədi:
- Beləliklə, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. 
Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır.
Dövlət büdcəsinin icrası da uğurla gedir. Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda, büdcə xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir. Builki investisiya proqramı kifayət qədər təsirli olmalıdır. Bu gün ölkə üçün ən lazımlı layihələrə kifayət qədər vəsait ayrılır və birinci rübdə işlər yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə icra edilsin.
Mən qeyd etmişəm ki, bizim maliyyə vəziyyətimiz yaxşıdır. Biz bu il valyuta ehtiyatlarımızı üç ay ərzində 1 milyard dollar səviyyəsində artırmışıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, bu, dünya miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir. Bu baxımdan Azərbaycan əlbəttə ki, fərqlənir. Bir çox inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsuldan çoxdur. Valyuta ehtiyatları xarici borcun heç 20 faizini ödəyə bilmir. Ancaq bizdə xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, çox aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə xarici borcdan beş dəfədən çox artıqdır. Hesab edirəm ki, müxtəlif reytinq agentlikləri, bax, bu amilləri nəzərə almalıdır. Eyni zamanda, giriş sözümdə qeyd etdiyim kimi, ilin birinci rübünün iqtisadi göstəriciləri də ən gözəl nəticələrdən biridir.
Bu il inşaat sektorunda canlanma müşahidə olunur. Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar artıq özünü büruzə verir. Mənə verilən məlumata görə, hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bu da özlüyündə gözəl bir göstəricidir. Burada minlərlə yeni iş yeri yaradılır. Keçən il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik. Bu il bu, bərpa edilir. Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır. Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin birinci mərhələsi başa çatıb. Hələ növbəti beş il ərzində onlarla bina tikiləcəkdir. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində artıq hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikilir.
Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etmişdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir. Çünki onlar üç-dörd mərtəbəli binanın yerinə hündürmərtəbəli bina tikirlər. Onlar da gəlir götürürlər, inşaat sektoru da inkişaf edir, inşaat materiallarının istehsalı artır, iş yerləri yaradılır. Yəni, bu proses artıq geniş vüsət almışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində bu yolla həyata keçirilən layihələrin sayı artıq 75-ə çatıb. Bu proses davam edir. Mən yerli icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki, onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar təşəbbüs göstərsinlər, yerli icra orqanları isə öz növbəsində onlara şərait yaratsınlar, kömək etsinlər. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik. Qeyd etdim ki, iş yerləri açılacaq, inşaat sektoru inkişaf edəcək, insanların təhlükəsizliyi, rifahı və şəhərimizin abadlaşması təmin olunacaq.
Növbəti önəmli layihə mikrorayonlarla bağlıdır. Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Orada köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcək. Bu yolla biz gələn üç-dörd il ərzində uşaq bağçası problemini həll edəcəyik. Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır. Eyni zamanda, iş yerləri yaradılır. İndi bir çox hallarda ailədə hər iki valideyn işlə təmin edilir. Ona görə, bizdə uşaq bağçalarına çox böyük ehtiyac olacaqdır. Uşaq bağçasının tikintisi üçün xüsusi yer də ayrılmalıdır. Amma ən yaxşı variant odur ki, yeni tikilmiş binalarda mütləq uşaq bağçası olsun. Tikintiyə icazə verənlər də, yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni versinlər.
Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. Qeyd etdiyim kimi, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İndi rayonlarda sənaye zonaları yaradılır. Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır.
Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaqdır.
Kənd təsərrüfatı sahəsində görüləcək işlər haqqında bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarının müzakirəsi zamanı mən kifayət qədər geniş danışdım. Bütün tapşırıqlar, göstərişlər verildi. Onları təkrar etmək istəmirəm. Sadəcə, bir neçə məqamı qeyd etmək istəyirəm. Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir, göstərişlər verilibdir. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni, bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək.
Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin edilməlidir. Gələn il isə azot gübrəsi zavodu istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən sonra gözləyirik. Beləliklə, biz azot gübrələri ilə özümüzü nəinki təmin edəcəyik və ixrac imkanlarımız da yaranacaqdır.
Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır.
Digər önəmli məsələlərdən biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır. Bu da indi uğurla inkişaf edən bir istiqamətdir. Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, “Azexport” portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz “Made in Azerbaijan” brendini tanıtdıraq.
Mən giriş sözümdə qeyd etdim ki, qeyri-neft sektorunun ixracı təxminən 10 faiz artmışdır, amma potensial daha da böyükdür. Ona görə, biz yeni ixrac bazarlarına çıxışı təmin etməliyik. Ənənəvi olan ixrac bazarlarına daha geniş çeşiddə məhsulla çıxmalıyıq. Eyni zamanda, yeni ixrac bazarlarını axtarmalıyıq. Logistika mərkəzləri yaradılmalıdır. İndi Qazaxıstanın Aktau vilayətində Azərbaycan Logistika Mərkəzi yaradılıb. Görürük ki, bunun böyük faydası var. Bir sözlə, bu, həm daxili istehsalı, eyni zamanda, valyuta gəlirlərimizi artırmaq üçün böyük əhəmiyyət daşıyan sahədir.
Təbii ki, həmişə olduğu kimi, il ərzində infrastruktur layihələrinə, onların icrasına diqqət yetiriləcəkdir. Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir, yeni yarımstansiyalar tikilir, xüsusilə buna ehtiyac olan bölgələrdə. Bu layihələr kənd təsərrüfatının inkişafı ilə paralel şəkildə aparılmalıdır ki, həm əhaliyə, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərsin.
Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizdir. Bu il daha da artacaq. İçməli su layihələri nəzərdə tutulan investisiya həcmində tam icra edilməlidir. Eyni zamanda, bu il biz kəndlərdə yaşayan əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihə icra edəcəyik. Bu təmizləyici qurğuların 170 kənddə quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmin ediləcək. Müvafiq Sərəncam imzalanmışdır. Bütün kəndlərin adları bu Sərəncamda göstərilmişdir. Mən xüsusilə belə tapşırıq verdim ki, həm o kəndlərin sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu məsələ nəzarət altındadır. Əgər sadəcə o Sərəncamda yazılsaydı ki, 100 və ya 200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait ayrılsın, sonra ona nəzarət etmək çox çətin olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda bütün o rayonların, kəndlərin adı göstərilib və mən o kəndlərin sakinlərindən xahiş edirəm ki, onlar da nəzarət etsinlər. Götürsünlər o Sərəncamı baxsınlar. Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər. Əlbəttə ki, əgər o işdə hansısa bir qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır.
Kənd yolları layihələri icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək. Bakı şəhərində yeni yollar salınır, “Sovetski” adlanan ərazidə böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə istifadəyə veriləcək və ümumiyyətlə, şəhərimizin bu hissəsi gözəl bir məkana çevriləcəkdir. İndi işlər gedir, ilk növbədə, yollar çəkilir. Bu yollar əvvəlki yollardan öz gözəlliyi ilə fərqlənəcək. Əgər əvvəlki yolların eni 3-5 metr idisə, indi salınan yolların eni 15-20 metrdir. Yəni, bu, gələcəyə hesablanan və Bakıda nəqliyyatın hərəkətini böyük dərəcədə yüngülləşdirən bir layihədir. Bu yolun qurulması ilə paralel olaraq, bütün o zonada yaşıllıqlar, parklar salınacaq və şəhər sakinləri üçün yeni gözəl istirahət məkanı yaradılacaq. Onilliklər ərzində o zonada layihəni icra etmək mümkün olmamışdır və biz artıq buna nail olduq. Əminəm ki, sakinlər də razı olmalıdırlar. Göstəriş vermişdim ki, kompensasiya tam ödənilsin. Əlbəttə ki, parklarda istirahət edəcək, o yollardan istifadə edəcək vətəndaşlar da razı qalacaqlar.
Bakı şəhərində digər yollar salınır. Göstəriş vermişəm ki, harada mümkündür, necə deyərlər, yeni, damarlar açmalıyıq. Onlardan biri Yusif Səfərov küçəsinə paralel olaraq indi tikilən küçədir. O küçə də şəhər nəqliyyatının bir hissəsini özünə cəlb edəcək. Onun böyük mənası var. Bilgəh-Sumqayıt yolunun tikintisi, genişləndirilməsi işləri gedir. Bu da Sumqayıtı alternativ yolla Bakı ilə, xüsusilə Bakıətrafı qəsəbələri ilə, Beynəlxalq Aeroportla birləşdirəcək. Ən yüksək standartlara səviyyəsində salınan yol bu il istifadəyə verilməlidir.
Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır.
Birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il iki Olimpiya kompleksi - Abşeron və Ağcabədi Olimpiya kompleksləri istifadəyə verilməlidir. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək. Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur. İndi vətəndaşlar da görürlər, bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür.
Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür.
Bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcəkdir. Eyni zamanda, qeyd etməliyəm, son illər ərzində yenə də bizim siyasətimizə uyğun olan bir proses ondan ibarətdir ki, Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Xüsusilə nəzərə alsaq ki, bu aqroparklar və təsərrüfatlar müasir texnologiyalar əsasında qurulur.
Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim büdcə təşkilatlarımız istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər.
Bu il iki “ASAN xidmət” mərkəzi açılmalıdır - Quba və Mingəçevir şəhərlərində. İlin sonuna qədər bu, təmin edilməlidir. Vəsait nəzərdə tutulub və iki mərkəzin tikintisi aparılır - İmişli və Şəki şəhərlərində. Beləliklə, bu iki mərkəz də gələn il istifadəyə verilməlidir.
Qarşımızda duran əsas məsələlər bundan ibarətdir. Yenə də deyirəm, ilin birinci rübü ümidvericidir, bir daha onu göstərir ki, həm proqnozlarımız yerinə yetirilir, həm siyasətimiz uğurludur. Elə etməliyik ki, cari ilin sonuna qədər bu müsbət dinamikanı saxlayaq, ölkəmizi daha da gücləndirək. Sağ olun.

Prezident.az