Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin B Ə Y A N A T I

07 may 2017-ci il

Bəyan edirik ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürmüşlər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət  və digər faktlar üzrə 3 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış və ibtidai istintaq aparılır.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınmış, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və Respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcəkdir.