Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi təntənəli qeyd edilmişdir

10 may 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidmətində dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin yüksəlişi, gələcək dövlət müstəqilliyinin təməlinin qoyulması, sonradan onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olmuşdur.
1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev sarsılmaz qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və beləliklə, yenicə müstəqilliyini qazanmış ölkəni xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir.
General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir.
General-leytenant Mədət Quliyev bildirmişdir ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə DTX-nin struktur bölmələrinin əməkdaşları arasında keçirilmiş idman turnirinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.