Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

19 dekabr 2017-ci il

Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilmişdir.
İclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.
Həmin gün öz işinə başlayan iclasda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək bildirmişdir ki, hazırda beynəlxalq terrorçu təşkilatların fəaliyyət göstərdikləri ərazilərdə yaranmış şəraitin fonunda dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır. General-leytenant Mədət Quliyev bu baxımdan, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhdid və hədələr barədə əldə edilmiş qabaqlayıcı əməliyyat məlumatları mübadiləsinin intensivləşdirilməsinin, həmçinin terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı səmərəli təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri üzrə aparılmış müzakirələrdə Yaxın Şərq və Orta Asiyadakı son vəziyyətə xüsusi diqqət yetirilmişdir. Habelə yeni reallıqlar nəzərə alınmaqla MDB üzv dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin müxtəlif zorakı təzahürlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Bundan başqa, SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, İbtidai istintaq sahəsində əməkdaşlıq, Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsi ilə mübarizə üzrə komissiyaların fəaliyyətlərinin yekunları qiymətləndirilmişdir. Eləcə də SORB-un və MDB Antiterror mərkəzinin 2018-ci il üçün fəaliyyət planları müzakirə olunmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndə heyəti Rusiyanın dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcəkdir.