Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Dövlət Təhlükəsizliyi Xidmətində təntənəli qeyd edilmişdir

09 may 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir.
Əvvəlcə DTX-nin rəhbərliyi, əməkdaşları və Heydər Əliyev adına Akademiyasının kursantları Fəxri xiyabana gələrək, müstəqil Azərbaycanın qurucusu, təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.


Dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş təntənəli mərasim DTX-nin akt zalında davam etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək şəxsi heyəti və veteranları Ümummilli Liderin 95 illik yubileyi münasibətilə təbrik etmiş, dahi rəhbərin şanlı peşəkarlıq məktəbinin davamçılarına respublikamızın müstəqilliyi, tərəqqisi və təhlükəsizliyi naminə şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
General-leytenant Mədət Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, azərbaycançılıq məfkurəsinin və mədəniyyətin yüksəlişi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olmuşdur. 1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ümumxalq dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi diqqətə çatdırmışdır ki, bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır.
General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli idarəçiliyi və siyasi nüfuzu sayəsində respublikada siyasi-iqtisadi sabitlik və xalq-dövlət birliyi dönməz xarakter almışdır. Mütərəqqi beynəlxalq ictimaiyyət və mötəbər qurumlar Ermənistanın işğalçı və təcavüzkar siyasətini birmənalı şəkildə pisləyir, Azərbaycanı regionda lider dövlət kimi tanıyırlar.
Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və möhtərəm Prezident cənab İlham Əliyevin ardıcıl olaraq müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin ad gününü böyük sevinclə bayram edən Azərbaycan xalqı Ulu Öndərin ölməz xatirəsinə hədsiz ehtiram bəslədiyi kimi, onun layiqli siyasi varisi və sevimli Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlətçilik, tərəqqi, təhlükəsizlik və azərbaycançılıq siyasətini də böyük inamla və ürəkdən dəstəkləyir. Bunu aprel ayının 11-də keçirilmiş seçkilər bir daha sübut etmişdir.
General-leytenant Mədət Quliyev bildirmişdir ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.
Sonra təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı münasibətilə imzaladığı sərəncamla orden və medallara layiq görülmüş DTX-nin hərbi qulluqçularına həmin təltiflər general-leytenant Mədət Quliyev tərəfindən təqdim olunmuşdur.
Xidmətdə fərqlənən digər əməkdaşların təltif olunmaları barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri elan edilmiş, onlara medallar və “Fəxri əməkdaş” döş nişanları verilmişdir.
Sonda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli film nümayiş olunmuşdur.