Dövlət Təhlükəsizliyi Xidmətinin “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

12 may 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.
Mərasim açıq elan olunduqdan sonra Döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət himni səsləndirilmişdir.


Sonra gənc əsgərlər təntənəli surətdə and içmişlər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləmişdir.
General-leytenant Mədət Quliyev müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda qazanılmış nailiyyətlərdən danışmışdır. O qeyd etmişdir ki, xalqının sonsuz məhəbbətinə, mütləq dəstəyinə və hədsiz etimadına arxalanan möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, düşünülmüş və qətiyyətli siyasət sayəsində, 100 illik yibileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası bundan sonra da öz dövlət maraqlarını və təhlükəsizliyini hərtərəfli və etibarlı təmin edəcəkdir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi zabit və əsgərləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırmışdır. 
General-leytenant Mədət Quliyev gənc əsgərlərin dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış imkan və şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir. Xidmət rəisi diqqətə çatdırmışdır ki, əsgərlər komandirlərinin bütün əmr və göstərişlərini dərhal və vicdanla yerinə yetirməli, Vətənin keşiyində mətin dayanmalı, dövlətə sədaqətlə xidmət etməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, hərbi peşənin sirlərini dərindən öyrənərək fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidir.
Gənc əsgərlərin valideynləri yaradılmış yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və övladlarına hər zaman Vətənin müdafiəsində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. 
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçmişlər. 
Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik etmişdir.