Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsinin məlumatı

24 iyul 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.


Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himni səsləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından buraxılış münasibətilə Akademiyanın şəxsi heyətini təbrik edərək xidmətdə uğurlar arzulamışdır. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali tədris ocağını bitirmiş gənc zabitlərin əldə etdikləri xüsusi bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Ali Baş Komandanın sədaqətli və etibarlı əsgərləri olacaqlarına əminliyini bildirmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik etmiş, gənc zabitlərə gələcək məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
General-leytenant Mədət Quliyev məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələrinin ümummilli lider Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik maraqlarının qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulamışdır. 
General-leytenant Mədət Quliyev qeyd etmişdir ki, möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir. Ancaq dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirmişdir ki, ötən günlərdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin əleyhinə yönəlmiş, dövlət hakimiyyət nümayəndəsinə və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilmiş namərd terror aktları və digər hüquqazidd əməllərin dərhal xalqımızda hədsiz hiddət doğuraraq qətiyyətlə pislənilməsi, xainlərin sərt cəzalandırılmasına dair haqlı ictimai tələb, eyni zamanda düşmənlərə xalq-dövlət həmrəyliyinin, vətəndaş-iqtidar birliyinin sarsılmazlığını bir daha bariz nümayiş etdirmişdir.
General-leytenant Mədət Quliyev qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daim yüksək savad, peşəkarlıq, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunduğunu bir daha diqqətə çatdırmışdır: “Ümid edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz burada qazanılan xüsusi biliklər sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər”.
General-leytenant Mədət Quliyev əminliklə bildirmişdir ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəkdir.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov və general-leytenant Mədət Quliyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim etmişlər. 
Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.
Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir.
Təntənəli mərasimin sonunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov və general-leytenant Mədət Quliyev məzunların valideynləri ilə görüşmüşlər. Valideynlər möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandana minnətdarlıqlarını bildirmiş, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd etmişlər.