DTX-nin Heydər Əliyev adına Akademiyasına qəbul olmuş kursantlar Vətənə sədaqət andı içmişlər

25 sentyabr 2018-ci il

14:00

2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına qəbul olmuş kursantlar Vətənə sədaqət andı içmişlər.
Təntənəli mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin rəhbər işçiləri, Akademiyasının şəxsi heyəti, veteranlar və valideynlər iştirak etmişlər.
Əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoymuşlar.
Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət himni səsləndirilmişdir.
Sonra gənc kursantlar təntənəli surətdə hərbi andı qəbul etmişlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev tədbirdə çıxış edərək gənc kursantları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, Akademiyanın şəxsi heyətinə təlim-tədrisdə və xidmətdə uğurlar arzulamışdır.
General-leytenant Mədət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin inkişafı, beynəlxalq nüfuzunun artması və qüdrətlənməsi yolunda qazanılan uğurlardan danışmışdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bildirmişdir ki, Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil almaq və onu bitirmək nə qədər şərəflidirsə, Ümummilli Liderin qurduğu dövləti qorumaq və inkişaf etdirmək, dahi rəhbərin Azərbaycanın müstəqilliyinə və tərəqqisinə xidmət edən vətənpərvərlik, dövlətçilik və peşəkarlıq məktəbinin davamçısı olmaq bir o qədər məsuliyyətlidir.
Sonra kursantlar hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçmişlər. Sonda xatirə şəkli çəkdirilmişdir.