DTX-nin Heydər Əliyev adına Akademiyasında veteranlarla görüş keçirilib

20 noyabr 2018-ci il

18:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 20 illiyi ərəfəsində Azərbaycan təhlükəsizlik orqanlarının veteranları kursantlarla görüşüblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, dahi rəhbərin abidəsi önünə əklil qoyulub.
Akademiyanın “Şöhrət” muzeyinin konfrans zalında davam edən tədbirdə veteranlar ibrətamiz və örnək ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş, Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat veriblər.
Diqqətə çatdırılıb ki, respublikanın mənafelərinin və təhlükəsizliyinin etibarlı təminatı naminə dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik irsi gənc nəsil tərəfindən dərindən mənimsənilməli, həyatda və xidmətdə daim rəhbər tutulmalıdır.