Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində iməclik keçirilib

09 mart 2019-cu il

14:00

Ümummilli lider Heydər Əliyev ətraf mühitin mühafizəsinə, Azərbaycan təbiətinə xüsusi önəm verərək, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən sayırdı. Görkəmli dövlət xadimi gərgin iş qrafikində vaxt taparaq, özü əlinə bel alıb ağacəkmə, yaşıllığa qulluq kampaniyalarında və müxtəlif iməcliklərdə fəal iştirak edirdi.
Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun xüsusi proqramlar həyata keçirilir. 
Dövlətimizin başçısı cənab İlham Əliyev, Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri xanım Leyla Əliyeva Ulu Öndərin saf və təmiz ətraf mühitlə bağlı arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Artıq ölkədə ekoloji tarazlığın qorunması, yaşıllaşdırma, ağaclara qulluq kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Liderin yaratdığı və miras buraxdığı nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirir. 
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində ənənəvi olaraq Bahar iməcliyi keçirilib. DTX-nin rəhbər işçilərinin, əməkdaşlarının və kursantlarının iştirakı ilə keçirilən iməclik DTX-nin İstirahət mərkəzinin bütün ərazisini əhatə edib, abadlıq və təmizlik işləri aparılıb. Sahil boyu toplanan tullantılar, o cümlədən küləyin gətirdiyi sellofan, kağız parçaları və ətraf mühitə ziyanlı digər qalıqlar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. Ərazi quru otlardan təmizlənib, ağaclara qulluq göstərilib, onların dibi açılıb, qurumuş budaqlar budanıb. 
Belə aksiyalar ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edilməlidir ki, bu il mart ayının 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.