Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib

09 may 2019-cu il

12:00

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müstəqil Azərbaycanın memarı və qurucusu, təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.

DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev çıxış edərək şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə respublikanın bütün həyati əhəmiyyətli sahələrində sürətli inkişaf, azərbaycançılıq məfkurəsinin və milli mədəniyyətin yüksəlişi, dövlət müstəqilliyinin təməlinin qoyulması, qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev qətiyyətli iradəsi, müdrik və uzaqgörən siyasəti nəticəsində qurtuluş missiyasını şərəflə yerinə yetirərək, müstəqilliyini yeni qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edib. 
General-polkovnik Mədət Quliyev diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, yeni-yeni nailiyyətlər əldə edir, dövlət maraqlarını və təhlükəsizliyini qətiyyətlə qoruyur və möhkəmləndirir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır.
Sonra tədbirdə Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə imzaladığı sərəncamla orden və medallara layiq görülmüş DTX-nin hərbi qulluqçularına həmin təltiflər general-polkovnik Mədət Quliyev tərəfindən təqdim olunub.
Sonda Ümummilli Lider Heydər Əliyevin şanlı həyat yolundan bəhs edən sənədli film nümayiş edilib.