Prezident İlham Əliyev: “Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir”

10 may 2019-cu il

19:50

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev Fondunun əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Dövlət başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramını bildirir.
Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O isə öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə o, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, o, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi. 1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi.

Daha ətraflı...

Prezident.az