DTX-nin əməkdaşları Fəxri Fərmanla təltif olunub

23 may 2019-cu il

13:00

2019-cu il may ayının 17-dən 19-dək Bakı şəhərinin Dənizkənarı Bulvar və İçəri Şəhər ərazilərində, həmçinin Quba rayonunun Amsar kəndi və Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolaqlarında səmti müəyyənetmə idman növü üzrə Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Beynəlxalq Heydər Əliyev Kuboku” uğrunda yarış keçirilib.
Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çexiya, Honq-Konq və Litvanı təmsil edən 40 idmançının qatıldığı beynəlmiləl yarışda müxtəlif qurumlardan ümumilikdə 220 idmançı iştirak edib.
Yarışda ilk dəfə təmsil olunan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) komandasının üzvləri uğurlu nəticələr göstəriblər. Belə ki, M21A kateqoriyasında çıxış edən DTX-nin əməkdaşı M.Seyidov son estafetdə yalnız İsveç idmançısından geri qalaraq orta və uzun məsafələrə yarışların cəmində ikinci yerə layiq görülüb.
DTX-nin komandası ümumi göstəricilər üzrə Azərbaycan Respublikasının Səmti Müəyyənetmə Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olunub.