Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir

31 may 2019-cu il

18:30

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb. 
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. 
Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub. İmzalanan digər sənədlərlə yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” də imzalanıb. Sazişi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər. 
Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda biznes forumda çıxış ediblər. Bundan sonra paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda iştirak ediblər.