Ağdamda keçirilən konfransda pozucu qüvvələrin fəaliyyəti və onlara qarşı mübarizə tədbirlərindən bəhs olunub

26 noyabr 2019-cu il

15:55

Ağdam rayonunun Quzanlı qəsəbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzularında konfrans keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun əhəmiyyətindən danışmaq və gənc nəslin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunmasıdır. Odur ki, mütəmadi olaraq respublikamızın müxtəlif regionlarda belə tədbirlər keçirilir.
Məlumat verilib ki, BATM-in əsas məqsədi beynəlxalq terrorçuluq və onun müxtəlif təzahür formalarına qarşı mübarizə, eləcə də təhlükəsizliyimizin digər aspektlərinə dair kurslar, seminarlar, konfranslar və təlimlər təşkil etməklə, bu sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsinin artırılması və ictimaiyyətin maarifləndirilməsidir.
Tədbirdə DTX-nin əməkdaşı Tural Məmmədovun "Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti. Terrorçuluğa qarşı mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzusunda geniş məruzəsi dinlənilib. Məruzəçi slaydlardan istifadə etməklə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti, həmçinin onlara qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edib.
Konfransda terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya anlayışı barədə tədbir iştirakçılarına geniş məlumat verilib, cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işinin vacibliyi vurğulanıb. Vətəndaşların hərbi xarakterli məlumatların müzakirə edilməsinin yol verilməzliyinin, milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara müraciət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətindən bəhs edən "Heç vaxt gec deyil" adlı sənədli film nümayiş olunub.
Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.