Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq"

01 may 2020-ci il

14:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.
Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.
Eyni zamanda, bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir".

daha ətraflı: prezident.az
VİDEO: https://video.azertag.az/site/video/92747