Dövlət Təhlükəsizliyi Xidmətində “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik  və peşəkarlıq irsi” mövzusunda konfrans keçirilib

28 oktyabr 2016-cı il

Konfransı giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. Diqqətə çatdırılıb ki, Ulu Öndərin peşəkarlıq məktəbinin yetirmələri, vaxtilə onun rəhbərliyi altında təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlarımızın qazandıqları böyük təcrübə və xüsusi biliklər hazırda fəaliyyət göstərən zabitlərimiz üçün Heydər Əliyev dövlətçilik irsinin öyrənilməsi baxımından çox vacibdir.

Təhlükəsizlik orqanlarının veteranları – Şamil Süleymanov, Fariz Məmmədov, Əli Orucov və Aleksandr İvanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işlədikləri illəri minnətdarlıqla yada salıblar, dahi şəxsiyyətin örnək olan zəngin həyat və fəaliyyətinin ibrətamiz məqamları barədə xoş xatirələrini bölüşüblər, onun yüksək peşəkarlıqla həyata keçirdiyi və stolüstü dərs vəsaitinə çevrilən əməliyyat tədbirləri, Azərbaycan naminə göstərdiyi fədakarlıqlar barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışdığı və Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə yalnız xalqının maraqlarına və mənafelərinə, müstəqilliyi və inkişafına xidmət edib. Belə böyük şəxsiyyətin təhlükəsizlik orqanlarında uzun müddət xidmət etməsi və onun rəhbəri olması hər birimiz üçün iftixar mənbəyidir. Sovetlər birliyinin sarsılmaz olduğuna heç kimin şübhə etmədiyi illərdə belə, Ulu Öndər Azərbaycanın gələcək müstəqilliyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayıb. Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanında əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-65-ci, xüsusilə də komitə sədri olduğu sonrakı illərdə gələcək milli xüsusi xidmət orqanının əsasını qoyub, yeni peşəkar nəslin yetişməsinə şərait yaradıb. Bu dahi insanın təhlükəsizlik və hərb sahəsində xidmətləri əvəzsizdir. Milli zabit kadr hazırlığı üçün onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması buna əyani nümunədir.

Tədbirdə xüsusi vurğulanıb ki, bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin əbədi işıqlı obrazı yaşayır. Dahi öndərimiz bütün mənalı həyatını xalqına həsr etməklə kifayətlənmədi, xalqının və ölkəmizin gələcəyini düşündü. Dünya şöhrətli Heydər Əliyev siyasətini davam etdirəcək, xalqın gələcək taleyini təyin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni üzərinə götürəcək yeni Liderimizi – möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevi öz siyasi məktəbində yetişdirdi.

Bu gün Ümummilli Liderin amalları, bütün həyatını həsr etdiyi, canından artıq sevdiyi, qurub yaratdığı Müstəqil Azərbaycan yaşayır və daim inkişaf edir. Möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik dönməz xarakter alıb, respublikamız bütün sahələrdə böyük nailiyyətlər əldə edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır. Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar xalqımızın sevimli oğlu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin qələbəsinin bariz təcəssümüdür.

Sonda general-leytenant Mədət Quliyev çıxış edərək bir daha vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik  və peşəkarlıq irsini daim dərindən öyrənərək xidmətdə rəhbər tutacaq, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müstəqil və güclü Azərbaycan naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.