Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 18-ci ildönümü qeyd olunub

1 dekabr 2016-cı il

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, rəhbər əməkdaşlar və təhlükəsizlik orqanlarının veteranları Akademiyanın foyesində təhsil müəssisəsinin respublika üzrə müxtəlif intellektual və idman yarışlarında qazandığı mükafatlar, kursantların yağlı boya ilə çəkdikləri rəsmlər, eləcə də onların ölkəmizin zəngin mədəniyyətini, qonaqpərvərliyini, tolerantlığını əks etdirən özlərinin hazırladıqları fotoşəkillərdən ibarət “Multikultural dəyərlər kursantların gözü ilə” mövzusunda fotostend ilə tanış olublar.

Akademiyanın akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Akademiyanın rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılması tarixi, təlim-tədris prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə həyata keçirilən tədbirlər haqqında danışıb, kursantların mənəvi yetkinliyi, fiziki sağlamlığı və əməliyyat-döyüş hazırlığı istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Akademiyada yaradılan ən yüksək şərait dövlətimizin başçısının diqqət və qayğısının bəhrəsidir və şəxsi heyət buna görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdardır.
Çıxış edən kursantlar N.Niyazov və Ə.Quliyeva bildiriblər ki, respublikamızın bu mötəbər ali təhsil ocağında oxumaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Çünki Akademiya Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Burada əldə edilən elmi-nəzəri və xüsusi biliklərin gələcək əməli fəaliyyətdə nailiyyətlərin qazanılması üçün əsas meyar olduğunu vurğulayan kursantlar, Ulu Öndərin dövlətçilik ənənələrini, siyasi irsini daim yaşadacaqlarını, dahi rəhbərin şah əsəri olan müstəqil Azərbaycana sədaqətlə xidmət edəcəklərini, dövlətimizin inkişafı və təhlükəsizliyi naminə Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxış edərək Akademiyanın müəllim-professor heyətini və kursantları Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə yaratdığı bu ali təhsil ocağının təsis edilməsinin 18-ci ildönümü münasibətilə təbrik edib, bütün şəxsi heyətə möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da inkişaf etməsi və qüdrətlənməsi naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli Liderin zəngin irsinin öyrənilməsinin vacib amil olduğunu qeyd edən general-leytenant Mədət Quliyev bildirib ki, Akademiyanın bütün şəxsi heyəti Ulu Öndərin yüksək mənəvi keyfiyyətlərə malik olmaq barədə tövsiyələrini öz fəaliyyətlərində daim rəhbər tutmalıdırlar. Qeyd olunub ki, Akademiyada təlim-tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq əhəmiyyətli tədbirlər həyata keçirilməlidir. Bunu, eyni zamanda, müasir çağırışlara cavab verən kadrların hazırlanması kimi mühüm vəzifələr də tələb edir. Başqa vacib məsələ, hər bir kursantın, əməkdaşın xalq, cəmiyyət və dövlət qarşısında vəzifə borcunu, məsuliyyətini dərk etməsidir. Qüdrətli dövlət qurmaq və onu inkişaf etdirmək üçün ilk növbədə sağlam ruha, düşüncəyə və mənəviyyata malik vətənpərvər insanların, nəsillərin yetişməsi ən ümdə vəzifələrdəndir. Bu gələcək uğurlu fəaliyyətimizin rəhnidir.

General-leytenant Mədət Quliyev hazırda təhlükəsizlik baxımından dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq bildirib ki, terrorçuluğa, dini ekstremizmə və separatçılığa qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycanın təhlükəsizliyinə təhdidlərin, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərin qarşısının alınması sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və çevik olmağa çağırır. Gənclər bu vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etmək üçün bu gün Akademiyada yaradılan şəraitdən vicdanla və hərtərəfli istifadə etməli, dərin savad və biliklər almalıdırlar. Xüsusi vurğulandı ki, Dövlət Təhlükəsizliyi Xidmətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm veriləcəkdir.
Mərasimin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.