XXI əsrin başlanğıcından etibarən qlobal güc mərkəzləri arasında geosiyasi ziddiyyətlərin dərinləşməsi fonunda dünyanın müxtəlif bölgələrində hərbi toqquşmaların baş verməsi, terrorçu qruplaşmaların fəallaşması, beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş təhdidlərin artması dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirmişdir.
Bu kontekstdə beynəlxalq və regional müstəvilərdə daim sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında misilsiz rol oynayan kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməyi məqsədəuyğun hesab etmişdir. Beləliklə, konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq prinsiplərinə söykənən Bakı Təhlükəsizlik Forumu təsis olunmuşdur.
Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir. Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.
I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunmuşdur. Dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin qatıldığı müvafiq forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər baş tutmuşdur. “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda keçirilmiş iclas müasir Azərbaycanın banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Bu, heç də təsadüfi deyil. Belə ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Cənubi Qafqazda atəşkəsin əldə olunmasına nail olmaqla yanaşı, qatıldığı çoxsaylı beynəlxalq tədbirlərdə, eləcə də iştirak etdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə böyük töhfələr vermişdir.
İştirakçılar tərəfindən tədbirə böyük marağın göstərilməsi əsas götürülərək, 2024-cü ilin sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu təşkil olunmuşdur. Forumun mövzusu ilə bağlı iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarını təmsil edən nümayəndələr tərəfindən çıxışlar edilmiş, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilmişdir.
2025-ci ilin sentyabrın 21-də 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş III Bakı Təhlükəsizlik Forumu “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusuna həsr olunmuşdur.