Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır.
Bu fəaliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərən Dövlət Təhlükəsizliyi Xidməti vəzifələrinin icrası zamanı insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin qanunun aliliyi, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərini rəhbər tutur.