1922-1934
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 6 fevral tarixli qətnaməsinə əsasən FK və onun bəzi yerli orqanları ləğv edilərək həmin qurumun bazasında Dövlət Siyasi İdarəsi (DSİ) yaradıldı. Azərbaycanda isə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1926-cı il 7 avqust tarixli iclasında “Azərbaycan FK-nın DSİ-yə dəyişdirilməsi haqqında” qərar qəbul edildi.
DSİ-nin əsas vəzifəsi bolşevik hökumətinin həyata keçirdiyi kollektivləşmə siyasətinin uğurla başa çatmasına nail olmaq idi. Lakin 1928-29-cu illərdə kollektivləşmə siyasətinə qarşı milli qüvvələrin müqaviməti daha da gücləndi. SSRİ MİK və XKS ölkədəki vəziyyəti təhlil edərək hüquq mühafizə orqanlarındakı çatışmazlıqları tənqid etdi və müəyyən struktur dəyişikliklərinin zəruriliyini bildirdi. Azərbaycan milisinin də hərbiləşdirilməsi məqsədi ilə Xalq Daxili İşlər Komissarlığının (XDİK) ləğv edilməsi məsələsi Azərbaycan MİK və XKS-nin gündəliyinə gətirildi.
1930-cu ilin mart ayının 23‑də Azərbaycan MİK bu məsələyə yenidən qayıtdı və XDİK-nın ayrıca bir komissarlıq kimi ləğv edilməsi haqqında qərar qəbul etdi. Onun bəzi struktur bölmələri – dövlət və təşkilat xətti ilə milis və cinayət axtarış şöbəsi DSİ‑yə birləşdirildi. Lakin qısa bir müddətdən sonra XDİK yenidən bərpa olundu. Daha doğrusu, XDİK və DSİ müstəqil qurumlar kimi fəaliyyətlərini davam etdirdi.