emblem

Azərbaycan Sovet Təhlükəsizlik Orqanları

1934-1945

Azərbaycan Sovet Təhlükəsizlik Orqanları

SSRİ MİK-in 1934-cü il 10 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) müstəqil orqan kimi ləğv edildi. Onun bazasında Baş Dövlət Təhlükəsizliyi İdarəsi (BDTİ) yaradıldı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) tərkibinə daxil edildi. Dövlət təhlükəsizlik orqanlarının yenidən təşkili əməliyyat şəraitinin ciddi şəkildə dəyişməsindən və xarici təhdidlərdən irəli gəlirdi.

1935-1938-ci illərdə Hitler Almaniyasının SSRİ-yə hücum təhlükəsi artdığından SSRİ və Azərbaycan SSR xüsusi xidmət orqanlarının qarşısında təxirəsalınmaz vəzifələr dururdu. Bakı nefti və ümumilikdə Azərbaycan SSRİ-nin zəiflədilməsi, eləcə də Şərqdə istilaçılıq siyasəti baxımından Hitlerin xüsusi maraq dairəsində idi. Faşistlər Almaniyanın “Kontinental neft cəmiyyətinə” Bakı neftinin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı barədə vəd vermişdi. Həyata  keçirilən əməli tədbirlər nəticəsində Hitler Almaniyasının xüsusi hazırlıq görmüş bir neçə casusu Azərbaycanda ələ keçirildi.

Mövcud vəziyyət təhlükəsizlik orqanlarının işinin yenidən qurulmasını diktə edirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1941-ci il tarixli fərmanıyla hərbi iş şəraitinə keçməklə əlaqədar olaraq XDİK ilə XDTK birləşdirilərək XDİK adlandırıldı. Həmin fərmana əsasən müttəfiq və muxtar respublikaların, ölkə və vilayətlərin təhlükəsizlik orqanlarının strukturlarında müvafiq dəyişikliklər edildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1941-ci il tarixli fərmanı ilə Azərbaycan SSR XDİK ilə Azərbaycan SSR XDTK vahid bir quruma çevrildi və XDİK adlandı. Bu qurumun rəhbəri Mirteymur Mirələkbəroğlu Yaqubov, onun birinci müavini isə Stepan Fyodoroviç Yemelyanov təyin edildi.

Yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik orqanlarının strukturu və vəzifələri tez-tez dəyişirdi. Bunun nəticəsi idi ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1943-cü ilin may ayının 26‑dan etibarən Xalq Daxili İşlər Komissarlığı Xalq Dövlət Təhlükəsizlik Komissarlığı adlandırıldı.