emblem

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları

1918-1920

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanları

1918-ci ilin may ayının 28-də dövlət müs­tə­qilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təh­didlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zə­rər­siz­ləş­dirmək və dövlət sərhədləri daxilində  təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sa­yırdı. Keç­miş çar ordusunun generalları Sə­məd bəy Mehmandarovun hərbi nazir, Əlağa Şıx­lin­ski­nin nazir müavini, Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi  təyin edilməsi ordu quruculuğu ilə birgə kəş­fiyyat və əks-kəşfiyyat fəa­liy­yə­tinin formalaşdırılmasına da xüsusi təkan vermişdi.

Belə ki, 1919-cu ilin fevral ayının 25-də "Hərbi Nazirliyin ştatları haq­qında" qa­nun layihəsi ölkə parlamenti tərəfindən yekdilliklə qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Məmməd bəy Sulkeviçin 1919-cu il martın 28-də birgə imzaladıqları 157 nömrəli əmrlə Baş Qərargahın Baş İdarəsinin General-kvar­tir­mey­ster şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdırSəməd bəy Mehmandarov Nazirlər Şu­rasının sədrinə məruzəsi zamanı kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsinin "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq"dan ibarət olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, xüsusi bacarıq tələb edən bu sahədə peşəkar mü­təxəs­sis­lər olmadığından böl­mənin əməkdaşları keçmiş çar ordusunun hərbçilərindən komplektləşdirilmiş və ilkin ştatda 28 nə­fər (1 rəis, 2 rəis köməkçisi, 23 agent,  2 kar­gü­zar) nə­zər­də tu­tulmuşdu.

Kadr qıtlığına, peşəkar zabit çatışmazlığına baxmayaraq, Azərbaycan kəşfiyyatçıları Gürcüstan, Ermənistan, Şimali Qaf­qaz və digər bölgələrdən qiymətli məlumatlar əldə edərək mərkəzə göndərir, mümkün olan bütün kanal­lar­dan yararlanmağa çalışır, Xarici İş­lər Nazirliyinin diplomatiya şöbəsinin kar­gü­zar­lıq və şifr­lə­mə böl­­mə­si­nin əməkdaşlarına məxfi kar­­güzarlığın, şifrləmənin sirlərini öy­rə­dir­di­lər. 

 

Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latı


1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması, Azərbaycan və Gürcüstanın sərhədlərinə doğru irəliləməsi Bakıda vəziyyəti daha da gərginləşdirmişdi. Denikin təhlükəsinin qarşısını almaq və mü­da­fiəni gücləndirmək məqsədilə yeni qurum - Dövlət Müdafiə Ko­mitəsi yaradılmış, ölkədə hərbi vəziyyət elan olunmuşdu. Həmin vaxtda əks-kəşfiyyat funksiyasını yerinə yetirəcək müstəqil xüsusi xid­mət orqanına da eh­tiyac olduğundan 1919-cu ilin iyun ayının 11-də Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latı yaradıldı. Hərbi Nazirliyin əks-kəş­fiy­yat xid­mə­ti öz əməliyyat təsərrüfatını Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latına təhvil verdi. Pol­kovnik İrza bəy Ha­cı­bəy­lin­skinin rəhbərlik etdiyi kəşfiyyat qu­rumu isə Hərbi Nazirliyin tərkibində saxlanıldı. La­kin hər iki xüsusi xidmət orqanı arasında qarşılıqlı əmək­daşlıq da­vam edirdi. 

Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının başlıca vəzifəsi dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali ara­sında şifahi və ya mətbuat vasitəsi ilə hökumətə zidd təşviqat aparan şəxslərin ifşa olunması; hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair, yalan məlumat və şayiələr yayan, əhalinin arasında qarşıdurma yaradan şəxs­lərin ifşa olunması; hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xa­rakter daşıyan, hər cür toplantı və iclasların təşkilatçılarının müəyyən edilməsi; qanunsuz odlu silah, döyüş sursatı və partlayıcıların aşkar olunmasından ibarət idi. Quruma şübhəli şəxsləri həbs etmək və ibtidai istintaq apar­maq səlahiyyəti də verilmişdi. Bakıda yaradılan hərbi li­man­dakı gediş-gəlişə nəzarət, sənədlərin və məktubların yoxlanılması, qaçaqmalçılıqla mü­ba­ri­zə, şübhəli şəxslərin saxlanılması və s. də Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latına həvalə edilmişdi. Qurum «Azərbaycan Respublikası əks-kəşfiyyat xid­məti və­zi­fə­li­lərinin hü­quq və vəzifələri haqqında» Əsas­na­məyə uyğun fəaliyyət göstərərdi. 

Hökumətin və Dövlət Müdafiə Komi­təsinin sədri Nəsib bəy Yusifbəylinin sərəncamı ilə «Müsavat» par­tiyasının üzvü, millət vəkili Məm­məd­bağır bəy Şeyxzamanov təşkilatın rəisi vəzifəsinə tə­yin olun­muş­du. Rəis müa­vini vəzifəsini isə «Hüm­mət» partiyasının üzvü Mirfəttah Musəvi tuturdu. Onun öl­dü­rül­mə­sin­dən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski icra etməyə başladı. Təşkilatın ilk rəisi M.Şeyxzamanov 1919-cu ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunduqdan sonra onun kiçik qardaşı Nağı bəy Şeyx­za­ma­nov şəxsi heyətə təqdim edilmişdir. 

Qurumun əmək­daş­ları arasında azərbaycanlılarla ya­na­şı, türk, rus, ukrayn, gürcü, Şimali Qafqaz xalqları və b. mil­lətlərin nü­ma­­yən­də­ləri çalışırdılar. Bakıda təşkilatın 8 ərazi (rayon) bölməsi yaradılmışdı. Bu bölmələrə Məm­məd­tağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Alek­­sandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev və İs­lam Əliyev rəhbərlik edirdilər. Qu­ru­mun senzura, agentura, müşahidə bölmələri və dəf­tər­xanası vardı. Sen­zu­ra işinə Lavrenti Beriya, agentura  iş­lə­rinə isə Aleksandr Qo­beridze, sonra A.Sultanov ca­vabdeh idilər. Üç baş agent vəzifəsi vardı, həmin vəzifələri Mirzəağa Nəsirov, Ağaəli Mah­mudov və Ağa­əli Zey­nal­ab­dinzadə tuturdular. 4 agent isə H.Z.Tağıyev fabriki üz­rə ca­vabdeh idilər. Dəf­tər­­xa­na iş­lə­ri­nə Əbdulqafar Mahmudov rəhbərlik edir­di. Kargüzar kö­­mək­çi­si olan Müzəffər Nərimanov (Nəriman Nərimanovun qar­da­şı) eyni zamanda, təş­ki­la­tın mü­ha­­sibi vəzifəsini icra edirdi. Agentlər arasında 6 nəfər qadın da vardı.

Ölkədə, xüsusən də Azərbaycan ordusunda bolşevizmin yayılma təhlükəsi daha da sürətləndiyindən, Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının bolşeviklərə qar­­şı mübarizəsi milli hökuməti qane etmədiyindən, hətta bu qurumun ləğv edil­mə­si və hərbi əks-kəş­­fiyyatın ya­ran­ması mə­sələsi gündəmə gəlmişdi. Yaranmış şəraitdən böyük na­ra­hat­çı­lıq keçirən hərbi nazir Səməd bəy Meh­man­­darov hərbi əks-kəşfiyyatın təsis olun­ması üçün Dövlət Müdafiə Komitəsinə geniş mə­ruzə təqdim etmişdi. Dövlət Müdafiə Komitəsi bolşeviklərlə mü­ba­ri­zəni güc­ləndirmək məqsədilə yaranmış vəziyyəti müzakirə etmişdir, lakin təş­kilat ləğv olun­mamış, Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latı Bakı Möh­kəm­lən­dirilmiş Ra­yo­nunun rəisi ge­neral-mayor Murad bəy Tlexasın ta­be­­­liyinə ve­ril­miş­dir. Murad bəy qatı antibolşevik olduğundan bol­­şeviklərə qarşı daha qə­tiy­yət­­li mübarizənin aparılması işini təşkil edə bil­miş­dir. Kadr­ların seçilməsi və yer­ləş­di­ril­mə­­si məsələsinə də ciddi fikir verilirdi. Qu­ru­ma na­mi­zəd­lə­­ri partiya prin­sip­lərinə gö­­rə deyil, şəx­si keyfiyyətlərinə görə qəbul etməyə baş­­lamış­dı­lar. Yalnız bundan sonra Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latı bolşeviklərə qarşı mübarizədə daha qə­tiy­yətli mövqe sərgiləyə bilmişlər. 

1920-ci ilin mart ayının 6-da Nazirlər Şurasının iclasında daxili işlər na­zi­rinin çıxışı dinlənilmiş, təşkilatın əməkdaşları tərəfindən məş­­hur bolşevik Ni­ko­lay Çikalonun (sonralar Ukrayna KR MK-nın Siyasi bü­ro­su­nun üzvü, Xarkov Vi­layət KP MK-nın katibi, 1938-ci ildə güllələnib) həbsi za­ma­nı guya onun vəhşicəsinə dö­yül­mə­­si faktı şi­şir­dil­miş və bol­şe­viklərin təzyiqi ilə təşkilat bu­ra­xılmış­dır. 

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aya yaxın vaxt qalmış Bakıda əks-kəşfiyyat təminatını general-qubernatorluğun tər­ki­bin­də ya­ra­dıl­mış İnformasiya şöbəsi yerinə yetirmişdir. Arxiv sə­nəd­lərinə əsasən demək olar ki, yeni qurum Na­zir­lər Şu­ra­sının sədrinə və da­­­xili iş­lər nazirinə tabe idi. Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının texniki funksiyaları, o cüm­­­lə­dən təh­qi­qat, mü­şa­hi­də, axtarış və s. Bakı general-qubernatorunun gös­tə­rişi ilə İn­for­ma­siya şö­bə­si­nə təh­vil verilmişdir. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tap­­şı­rıl­mışdır. Ələk­bər xan əv­vəl­ki sələflərindən fərqli olaraq, yüksək ixtisaslı hüquqşünas idi. O, Mosk­va Dövlət Uni­ver­si­tetini bitirmişdi. 

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın rəhbərlərinə, hərbiçilərə və təhlükəsizlik orqanlarının əmək­daş­larına qar­şı əsil rep­res­si­ya baş­landı. Əfrasiyab bəy Ağalarov, Məmmədbağır bəy Şeyx­za­manlı, Ələkbər xan Şahsuvarov müs­təqil Azər­baycan Res­pub­li­ka­sı­na xidmət et­dik­lə­ri­nə gö­­rə sorğusuz-sualsız güllələndi, bir qismi həbs edildi, bir qismi isə, o cümlədən Nağı bəy Şeyxzamanlı və digərləri  mü­­ha­cirətə get­məyə məc­bur oldular.