emblem

Müstəqil Azərbaycan Respublikasının Təhlükəsizlik Orqanları

1991-2020

Müstəqil Azərbaycan Respublikasının Təhlükəsizlik Orqanları

1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya dövlət idarəçiliyini iflic vəziyyətinə saldı. Hakimiyyət təmsilçilərindən olan bəzi şəxslərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı. Şimalda “Sadval” hərəkatı açıq fəaliyyətə başlamış, cənubda isə qondarma “Talış-Muğan Respublikası” yaradılmaqla Azərbaycanın bütün cənub bölgəsinin faktiki olaraq respublika ilə əlaqəsi kəsilmişdi.

Ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması, milli maraqların müdafiəçisi olmaq kimi prioritet vəzifələrin həyata keçirilməsi zərurətini doğurdu. Bu vəzifələri layiqincə yerinə yetirmək, eləcə də 70 il ərzində yalnız sovet imperiyasının mənafelərini güdən təhlükəsizlik sistemi prinsiplərindən imtina etmək, cəmiyyətdə formalaşmış mövcud stereotipləri dağıtmaq, əvəzində hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycan xalqının maraqlarının təhlükəsizliyi keşiyində etibarlı dayanmaq iqtidarında olan milli təhlükəsizlik orqanını yaratmaq olduqca çox çətin, ciddi və həyati vacib bir məsələ idi.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Bu qərar təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələrin məzmununun və mahiyyətinin dəyişdirilməsi zərurətini də ortaya çıxardı. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı ümumilikdə Sovet imperiyasının mövcudluğunun və strateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına, bir sözlə, xalqımızın milli mənafeyini və maraqlarını müdafiə və mühafizə etməyə yönəlmişdi. Lakin, müəyyən obyektiv və subyektiv səbəblərdən, ilk növbədə, respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq ilə əlaqədar 1991-1993-cü illərdə qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, eyni zamanda vaxtı ilə dağıdılmış, yararsız vəziyyətə salınmış sərhəd zolağında sərhədi qanunsuz keçən qaçaqmalçıların, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Müstəqilliyimizin möhkəmləndirilməsinə mane olan qüvvələr Azərbaycanın milli təhlükəsizliyinin təminatına əngəl törətməyə, ölkədəki siyasi gərginliyi bir qədər də dərinləşdirməyə  başladılar. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.

Xalqımızın israrlı tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Ümummilli lider Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qoyurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük vəzifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və prezident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir.

Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapdalanmasın, heç kəskin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”.

Onun təhlükəsizlik və eləcə də hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, ümummilli lider Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.

Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı.

Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Ümummilli liderin təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə görə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cinayət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Respublikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsi sovuşdurulmuş, 7 dövlət çevrilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokallaşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir.

Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN milli öndər Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Milli öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azərbaycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır.

Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır ki, bu da nəticə etibarı ilə ölkədə ictimai-siyasi sabitliyin pozulması ilə daxili təhlükəsizliyin təminatı üçün ciddi təhdid təşkil edir».

Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı.

Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terrorçuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaqlayıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altında MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir.

Cəsarətlə demək olar ki, məhz Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokratik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya edir, qloballaşmaya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. MTN-in dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.

Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənədlərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı.

Bu gün Ulu öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Çağdaş dönəmdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.

Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verir. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır.