15:45
Sosial şəbəkələrdə koronavirusla
bağlı yalan xəbəri paylaşan şəxs müəyyən edildi
Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılmışdır.
Həmin səs
yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş
doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə
inamsızlığa şərait yaratmışdır.
Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində
vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri
paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi,
hazırda koronaviruslu xəstələrin
müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş,
1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilmişdir.
İlahə Məcidova
özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman
olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu
hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək
ictimaiyyətdən üzr istəmişdir.
İlahə Məcidovanın
məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll
olunacaqdır.
Bir daha sosial
media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası
ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş
xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına
etibar və istinad etməyi xahiş edirik.