11:20
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş
Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqları təhvil
verilmişdir
Azərbaycan Respublikasının Prezidenti,
Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin
axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların
aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq
ekshumasiya tədbirləri davam etdirilir.
Daim beynəlxalq humanitar hüquq
normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu
istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının
sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Cari il fevralın 12-də Azərbaycan
Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi
Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayəndələrinin iştirakı və
BQXK-nın vasitəçiliyi ilə Əsir
və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci
Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına
aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında
təhvil vermişdir.
Hazırda həmin meyitlərin qalıqlarının
eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən
sonra meyitlər ailə üzvlərinə veriləcəkdir.
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının
itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi
istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə
müvafiq tədbirlər görülür.