Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının
yaradılmasının 102-ci ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq
Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il
martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
AZƏRTAC xəbər verir
ki, artıq 24 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı
peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən
peşə bayramı kimi qeyd olunur.
Ölkəmizdə
milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin
Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster)
təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra
onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının
(NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi
təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda
fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud
quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin
yayılmasının qarşısını almaq olub.
Uzun
müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan
verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və
idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad
qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında
rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının
artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda
tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə
Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın
təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının
25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o
illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə
siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu
bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki,
təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.
Bu
sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin
də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən
dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının
fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks
və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının
aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib
hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli
Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət
Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk
növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa,
yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu
təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal
üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və
qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş
imkanlar açıb.
Təsadüfi
deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı
dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə
cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi
uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması
planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb,
kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar
həyata keçirilib.
Ölkəmizdə
təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki,
təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi
bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi
Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Azərbaycanın
təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə
əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında
və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə
təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət
orqanlarının özünəməxsus payı var.
Ötən
ilin dekabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa
rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin
davamı olaraq, DTX-nin Mədəniyyət mərkəzi tərəfindən
məşhur
Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili
təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya
unudulmaz hisslər bəxş etdi.
Azərbaycanın
təhlükəsizlik orqanlarının əbədiyaşar lideri, xalqımızın ulu öndəri Heydər
Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib
gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş
üslubu olsun”. Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən
Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları
peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi
xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur,
milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının
kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq
terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı
mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik
nümunələri göstərirlər.