15:40
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunmuşlar
Azərbaycan
Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat
və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması
istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks mübarizə tədbirləri
davam etdirilir.
Azərbaycan
Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki
qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar
toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılmışdır.
Araşdırmalar
nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov
Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və
qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı
birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin
müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə
İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam
Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində
“Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz
silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.
Qeyd
olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi
üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda
qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak
etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs
törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini
bildirmişlər.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.