16:20
Ölkə hüdudlarından kənarda qanunsuz silahlı
birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılmışdır
Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin ərazisində fəaliyyət
göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan
Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması
istiqamətində mübarizə tədbirlərini davam etdirir.
Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının
vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə
hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına
daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair
əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata
keçirilmişdir.
Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin
rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin
ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının
alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı
ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına
görə müvafiq cinayət işi üzrə məhkum olunmuşdur. Orxan Camalov azadlığa çıxdıqdan
sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin
avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb
Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə getmişdir. Orxan
Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz
silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və
silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində
başlanılmış cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini
məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının
hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış
qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə
təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, dindirilmə zamanı din adı
altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin
əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək
səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam
etdirilir.