19:20
Ölkə ərazisində
terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin
üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır
10
noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında
imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan
Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd
rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe
tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər
cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində
tərksilah edilmiş üzvləri barəsində DTX-nin
İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.
Aparılmış
istintaqla müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlarından
ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 26-27
noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq
mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb
hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr
2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə,
idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai
təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan
Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması,
onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və
başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış,
yanğın və digər terror əməlləri törətmişlər.
Sadalanan
faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç,
Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq,
qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə
olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə
tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və
gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin
və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya
ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin
istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən
təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.
Yuxarıda
qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər
barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş
materialları ilə tanışetmə həyata keçirilir.