18:20
Terrorçu
silahlı birləşmənin daha 13 üzvü barəsində cinayət işi məhkəməyə göndərilmişdir
Xəbər
verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il
10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan
Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd
rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe
tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər
cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində
tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış
cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.
Aparılmış istintaq
nəticəsində məlum olmuşdur ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət
bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş
sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr
tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil
dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində
meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il
tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara,
habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət
hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə
təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.
Həmin
silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının
yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə
göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdir.
Hazırda sadalanan
faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan
Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç,
Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq,
qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə
olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə
tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və
gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin
və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya
ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin
istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini
tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə
göndərilmişdir.
Yuxarıda
qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər
barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş
materialları ilə tanışetmə həyata keçirilir.