11:25
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunmuşdur
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici
ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən
Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə
cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış
tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin
və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət
işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il
təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək
saxlanılmış və ölkəmizə gətirilmişdir.
Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun
başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak
etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı
münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak
etməkdə şübhəli bilinir.
Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası
vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr
zamanı öldürülmüşdür.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı
aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda
qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak
etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilmişdir. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi
cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam
etdirilir.