18:00
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə ölkəmizdə rəsmi səfərdə
olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı
Qamar Caved Bacva arasında görüş keçirilmişdir.
Görüşdə general-polkovnik Əli
Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində
görülən işlər barədə qonağa məlumat vermiş, dünya düzəninə əsas təhdidlərdən
olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu
kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət
strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etmişdir.
Qeyd olunmuşdur ki, ali rəhbərlərin
birgə səyləri nəticəsində ölkələrimiz arasında etibarlı tərəfdaşlıq və səmimi
dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə
qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli
addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv
xarakter almışdır.
44 günlük Vətən müharibəsində
qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə
göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik
orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin
genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin
vacibliyini qeyd etmişdir.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə
görə minnətdarlığını çatdıran ordu generalı Qamar Caved Bacva bu görüşlərin tərəfdaşlıq
münasibətlərinin güclənməsinə və dərinləşməsinə xidmət etdiyini, hər iki dövlətin
maraq və mənafelərinin etibarlı qorunması, sülh və sabitliyin təmin olunması
istiqamətində görülən işlərin, aparılan müzakirələrin mövcud əlaqələrin
inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırmışdır.
Görüşdə qarşıya qoyulmuş vəzifələrin
layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı
maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.