19:55
Dövlət
Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 01 iyul 2021-ci il
tarixdə növbəti məzun buraxılışına həsr olunan təntənəli tədbir keçirilmişdir.
Tədbirdə
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin rəhbər
heyəti, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri
iştirak etmişlər.
Əvvəlcə
müasir Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyevin əziz
xatirəsi dərin ehtiramla yad edilmiş, Akademiyanın “Şöhrət” muzeyi qarşısında
ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulmuşdur.
Sonra
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını
qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunmuş, Dövlət himni səsləndirilmişdir.
Akademiyanı
bitirən gənc zabitlərə diplomlar təqdim edildikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev şəxsi heyəti salamlayaraq bu
əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın
professor-müəllim heyətini təbrik etmiş, gənc zabitlərə gələcək xidmətlərində
müvəffəqiyyətlər arzulamışdır.
General-polkovnik
Əli Nağıyev çıxışında dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan təhsil
ocağının məzunlarının Ulu Öndərin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə
davam etdirəcəklərinə, qazandıqları bilikləri doğma Vətənin qüdrətlənməsinə,
müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına səfərbər edəcəklərinə, bu
istiqamətdə yorulmadan çalışacaqlarına inamını ifadə etmişdir. Bildirilmişdir
ki, Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə başlayacaq hər bir gənc zabit
nizam-intizamı əsas tutmaqla peşəkarlıq səviyyəsini davamlı olaraq yüksəltməli,
ona göstərilən etimadı doğrultmaq üçün mütəmadi öz üzərində işləməli, dövlətinə
sədaqətli olmalı, qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə və
vicdanla gəlməli, dövlət təhlükəsizliyinin etibarlı təminatı üçün qətiyyətlilik
və prinsipiallıq nümayiş etdirərək bu yönümdə daim əzmlə çalışmalıdır.
Xidmət
rəisi dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət xəttinin
prioritet istiqaməti kimi elmin və təhsilin inkişafını xüsusi vurğulayaraq
bildirmişdir ki, hazırda Akademiyada yüksək səviyyəli təhsil almaq üçün
hərtərəfli şərait yaradılmışdır. Bu da öz növbəsində gələcəkdə təhlükəsizlik
orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və kadr potensialının
müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına xidmət edir.
Qeyd
olunmuşdur ki, ümumilikdə Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi,
əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin
yaxşılaşdırılması Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin bu mühüm dövlət təsisatına göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisidir.
Müzəffər
Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi, xalqın sarsılmaz birliyi və
həmrəyliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı
şanlı Qələbə sayəsində 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan
torpaqlarımızın işğaldan azad olunmasına toxunan Xidmət rəisi 44 günlük savaşda
Vətənimizin qəhrəman oğullarının nümayiş etdirdikləri igidlik və cəsurluğun hər
bir gənc hərbi qulluqçu üçün nümunə olduğunu diqqətə çatdırmışdır. Hərb
tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməmizə Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşlarının verdiyi töhfələri xüsusi vurğulayan general-polkovnik Əli
Nağıyev bildirmişdir ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq
nümunələrinə görə DTX-nin çoxlu sayda əməkdaşı fəxri ad, orden və medallarla
təltif olunmuşdur.
Vətən
müharibəsinin regionda yaratmış olduğu yeni reallıqların fonunda ağır
məğlubiyyətə düçar edilmiş Ermənistandakı radikal dairələr, aparıcı dünya ölkələrindəki
erməni diasporu və onların bilavasitə himayəsində olan qüvvələr Azərbaycana
qarşı kəşfiyyat-pozuculuq fəaliyyətlərini gücləndirməyə çalışır, revanşist
ideyaları təbliğ edirlər. Bu amillər dövlətimizin təhlükəsizliyinə yönəlmiş təhdidlərlə
mübarizənin daha yüksək əzmlə, çevikliklə və operativliklə aparılmasını
şərtləndirir.
Xidmət
rəisi DTX-nin şəxsi heyətinin respublikamızda mövcud sabitlik, əmin-amanlıq,
ölkəmizin milli maraq və mənafeləri əleyhinə məkrli niyyətlərin və planların qarşısını
qətiyyətlə alacağına, təhlükəsizliyin etibarlı təminatı üçün usanmadan çalışacağına
əminliyini bildirərək qeyd etmişdir ki, bütün qüvvə və vasitələr səfərbər olunmaqla
DTX-nin əməkdaşları tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin əmr və
göstərişləri bundan sonra da vaxtında və layiqincə yerinə yetiriləcəkdir.
Sonra
tədbir Akademiyanın rəisinin və bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə
bitirmiş kursantın çıxışları ilə davam etmişdir.
Tədbirin
sonunda məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə,
kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham
Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, övladlarının Vətənin
təhlükəsizliyinin müdafiəçiləri olaraq xidmətə başlamalarından qürur
duyduqlarını bildirmişlər.
Təntənəli
mərasim ulu öndər Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə
ucaldılmış abidəsi qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatmışdır.