18:15
12 iyul
2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində
“Kiber düşərgə - 2021” adlı yay məktəbinin açılışı keçirilmişdir. İyulun 17-dək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas
məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot
texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin
seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin
aşılanmasıdır.
Əvvəlcə
kiber düşərgə iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu
və banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş,
məzarı önünə gül dəstələri düzmüşlər.
“Kiber düşərgə
- 2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş
açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və
innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri Ülvi Mehdiyev, Elektron
Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya
üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaş arası yeniyetmələrdən
ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak etmişlər.
Tədbir Azərbaycan
Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş
qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması
və Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
DTX-nin
aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən
sonra iştirakçıları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin
əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, hazırda kibercinayətkarlıq ölkələrin
milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində
kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da
artırır. Xidmət rəisi “Kiber düşərgə - 2021” adlı yay məktəbinin ölkə rəhbərliyinin
xüsusi diqqət və qayğısı ilə əhatə olunan gənclərimizin sözügedən sahə üzrə
bilik və bacarıqlarını artıracağına, onların gələcəkdə kibertəhlükəsizlik üzrə
mütəxəssis kimi formalaşmalarında önəmli rol oynayacağına əminliyini bildirərək
iştirakçılara uğurlar arzulamışdır.
Respublikamızda
informasiya texnologiyaları sahəsində görülən islahatlar barədə danışan
general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən
müharibəsi zamanı aparılan informasiya mübarizəsi çərçivəsində düşmən qüvvələrin
həyata keçirdiyi kiber hücumların qarşısının digər əlaqədar dövlət qurumları ilə
birlikdə qətiyyətlə alındığını xüsusi qeyd etmişdir.
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər
və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tədbirdə çıxış
edərək dövlətimizin başçısı cənab İlham Əliyevin misilsiz səyləri nəticəsində
yeniyetmə və gənclərimizin intellektual səviyyələrinin artırılması, lazımi
savada yiyələnmələri üçün hərtərəfli imkanların mövcudluğunu diqqətə çatdırmış,
gənclərin kiber düşərgədə qazanacaqları bilik və bacarıqları ölkəmizin milli
maraq və mənafeləri naminə uğurla tətbiq edəcəklərinə inamını ifadə etmişdir.
Nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin
Əmrullayev və VXSİDA-nın sədri Ülvi Mehdiyev çıxışlarında belə tədbirlərin
keçirilməsinin yeniyetmələrin biliklərinin və dünyagörüşlərinin artmasına mühüm
töhfə verdiyini və onların gələcəkdə Azərbaycan üçün layiqli və kamil bir vətəndaş
kimi yetişməsinə zəmin yaratdığını qeyd etmiş, dövlətimiz tərəfindən təhsilin
inkişafı və gənclərin öz potensiallarını uğurla reallaşdırmaları üçün hər cür şəraitin
olduğunu, bu istiqamətdə genişmiqyaslı dövlət proqramlarının və layihələrin
icra edildiyini vurğulamışlar.
Qeyd
edilmişdir ki, müvafiq dövlət orqanları ilə qurulmuş qarşılıqlı və səmərəli
işgüzar əlaqələr sayəsində ölkəmizdə kibercinayətkarlığa qarşı effektiv mübarizə
aparılır və bundan sonra da bu yönümdə zəruri tədbirlər davam etdiriləcəkdir.
İştirakçıların
onlar üçün yaradılmış bu fürsətdən lazımi səviyyədə yararlanacaqlarına əminliklərini
ifadə edən qonaqlar “Kiber düşərgə - 2021” adlı yay məktəbinin təşkilinə görə tədbirin
təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Daha sonra
DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə
bağlı slayd-şou nümayiş olunmuşdur.
Tədbir
yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə
davam etmiş, xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl
şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilmişdir.
Tədbir
iştirakçıları istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ
texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən
hazırlanan konsert proqramına tamaşa etmişlər.