14:45
Vətən müharibəsi iştirakçılarından
rüşvət alan vəzifəli şəxslər saxlanılmışdır
Dövlət Təhlükəsizliyi Xidməti dövlətin ordu quruculuğu sahəsində qanunla
qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə
salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən
müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin
rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilmişdir.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş
Klinik Hospitalının bölmə
rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin
icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun
vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara
dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində
aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini
rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal
Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanmışlar. Vüsal Eyvazov Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət
alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər
maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.