10:45
Qanunsuz silahlı birləşməyə qoşulan şəxslər həbs olunmuşlar
Dövlət
Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici
dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər
saxlanılaraq məsuliyyətə cəlb olunmuşlar.
İstintaqla
Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur
Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə
hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində
iştirak etdikləri müəyyən edilmişdir.
Aparılmış
araşdırmalara əsasən məlum olmuşdur ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz
silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal
yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini
ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı
qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak etmişlər.
Faktla
bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən
şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilmişdir.
Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq hissi keçirdiklərini bildirmişlər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.