14:20
Hüquqazidd çağırışlar edən şəxslər barədə müvafiq tədbirlər görülmüşdür
Məlum olduğu kimi, 27 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsi
zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq
respublikamızın şəhər və rayonlarında anım tədbirləri keçirilmişdir. Tədbirlərdə
xalqımızın haqq savaşında canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi
yad olunmuş, məzarları ziyarət edilmişdir.
Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən
məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə
istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik
çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları,
cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit
olunmuşdur.
Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınmış, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar edilmişlər.
Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.