10:15
Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi
Azərbaycan Respublikasının milli təhlükəsizlik
maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq
fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində
Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan
Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və
müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı
nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə
dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət
orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə
tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı
alınmışdır.
İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi
xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra
qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər
vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi
heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları
düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa
hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində
göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan
xüsusi xidmət orqanına kömək etmişdir.
Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb
edilərək məhkəmənin qərarı ilə həbs edilmişdir.
Hazırda qeyd
olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri
davam etdirilir.