12:10
13 oktyabr
2021-ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələrinin
təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti
iclası keçirilmiş, Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak
etmişlər.
İclasda MDB regionunda mövcud
olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında
yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB
ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin
ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə
də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi
aparılmışdır. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə
olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu
xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, destruktiv qüvvələrə qarşı səmərəli
və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub
saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün
xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli,
mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi
daim təkmilləşdirilməlidir.
Qeyd olunmuşdur ki, bu gün
dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin
mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini
aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik
və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoymuşdur. Bu səbəbdən
də müvafiq orqanlar arasında əlaqələndirilmiş və sistemli işin daha yüksək səviyyədə
təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların
keçirilməsinin vacibliyi vurğulanmışdır.
Nümayəndə heyətlərinin
rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul etmiş,
müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin
təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin
potensialından istifadə olunmasının önəmini vurğulamış və tədbir
iştirakçılarına gələcək işlərində uğurlar arzu etmişdir.