14:45
Ölkə vətəndaşlarını intim videogörüntüləri
ilə şantaj edən mütəşəkkil dəstə ifşa edildi
2021-ci
il ərzində Azərbaycan Respublikası vətəndaşlarının intim videogörüntüləri ilə
şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə
yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılmışdır.
Faktlarla
bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 182.3.1, 182.3.2 (mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxslər
və onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə
külli miqdarda pul vəsaitlərinin tələb edilməsi), 272.2.1 və 272.2.2-ci (texniki
vasitələrdən istifadə etməklə kompüter məlumatlarının təkrar ələ keçirilməsi) maddələri
ilə başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılmış, kompleks istintaq-əməliyyat
və əməliyyat-texniki tədbirləri həyata keçirilmişdir.
Müəyyən edilmişdir ki, mütəşəkkil dəstə üzvləri “Facebook”
sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan
Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək
intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər etmiş, texniki
vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və
zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin
videoçəkilişini həyata keçirmiş, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri
vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının
barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli
miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri
vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin etmişlər.
Genişmiqyaslı araşdırma
tədbirləri ilə ölkə hüdudlarından kənarda olan cinayətkar şəbəkə üzvlərinin istifadəsində
olan cihazların internet şəbəkəsinə qoşulduğu İP-ünvanları və digər abunəçi
məlumatları əldə edilmiş, kibercinayətkarlığa dair beynəlxalq konvensiyaların müddəalarına istinadən
həmin İP-ünvanları üzrə məlumatların müvafiq dövlətlərin aidiyyəti strukturları vasitəsilə təxirəsalınmaz mühafizəsi
təmin edilmiş, cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək
texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200
nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının zərər çəkdiyi məlum
olmuşdur.
Cinayət işi üzrə beynəlxalq hüquqi yardım
prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan
Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının
hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən
ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilmişdir.
Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında
ifşa edilmiş, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə
dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter,
mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi
materiallarına əlavə edilmiş, çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara
kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin
qarşısı alınmışdır.
Cinayət əməlləri ifşa edilmiş xarici ölkə
vətəndaşları Gyurdzhan
Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və
digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə,
barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda beynəlxalq
hüquqi prosedur tədbirlər yerinə yetirilməkdədir.
Cinayət işi üzrə araşdırmalar
davam edir.